11-05-2024, 08:04 | Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur.
Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, respublika əhalisinin böyük bir hissəsi Bakı, Abşeron və Xızıda yaşayır.
Onun sözlərinə görə, bu ərazilərdə xəstəliklərin çoxalması təbiidir:
"Kənd əhalisi ilə müqayisədə şəhər əhalisində xüsusilə allergik xəstəliklərin rast gəlmə tezliyi daha yüksəkdir. Alimlərin fərziyyələrinə görə, kənddə yaşayan insanlar allergenlərlə daha çox təmasda olduğu üçün onlarda allergik xəstəliklərin yaranması da çox az müşahidə olunur. Yəni insan nə qədər steril şəraitdə yaşayırsa, antigenlər, bakteriyalar və viruslarla nə qədər az təmasda olursa, onun xəstələnmə ehtimalı da bir o qədər yüksək olur. Həmçinin qidalanma da təsir göstərir. Şəhərdə yaşayan insanlar yarımfabrikatlar, "fast food" kimi qidalara daha çox üstünlük verir. Kənd əhalisi isə daha çox orqanik və təbii məhsullarla qidalanır. Bu da xəstəliklərə öz təsirini göstərir. Bundan əlavə həmçinin iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyinin rast gəlmə tezliyi daha yüksəkdir. Bakı, Abşeron və Xızı kimi əhalinin sıx olduğu yerlərdə infeksion xəstəliklər daha çox yayılır. Bu göstəricilər təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur".
11-05-2024, 08:01 | Boşanmaq üçün elektron müraciət necə etmək olur? - CAVAB

Respublica.Az bildirir ki, lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu boşanmaqla bağlıdır.
Maraqlıdır, boşanmaq üçün elektron müraciət necə etmək olur?
Lent.az xəbər verir ki, vətəndaşlar nikahın pozulması üçün elektron müraciət edə bilər. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından "Nikahın pozulması üçün elektron müraciət" xidmətini seçməlidirlər.
Açılan formanın içində "Qeydiyyat orqanı" sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (kişi) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.
Növbəti mərhələdə nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (qadın) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.
Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan və ləğv edilən nikah haqqında aktın qeyd nömrəsi ilə tarixini qeyd etdikdən sonra "Təsdiq" düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərilməlidir.
Rüsumun ödənilmə qaydası
Dövlət rüsumunun ödənilməsini həyata keçirmək üçün təsdiq düyməsi sıxıldıqdan sonra açılan pəncərədən müvafiq linkə keçmək lazımdır. Açılan pəncərədən "Xidmətin növü" - "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" seçildikdən sonra "Qurumun adı" xanasından müraciət edəcəyiniz orqanın adını seçilir. Daha sonra "Ödənişin təyinatı" xanasından "Nikahın pozulmasının qeydə alınması" seçərək "Seç" xanasından nikahın pozulmasının əsası seçilir və buna uyğun müvafiq ödənişin məbləği hesablanılır. Ödənişi həyata keçirən şəxsin vəsiqəsinin seriya və nömrəsi müvafiq xanalara yazılaraq axtarılır və "Növbəti" düyməsi sıxılır.
Bu xanada daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlamağa imkan verilir. Əgər hər hansı bir səhv varsa "Düzəliş et" düyməsi sıxılaraq düzəliş edilir. Heç bir səhv yoxdursa "Ödəniş" düyməsi sıxılaraq ödəniş həyata keçirilir. Ödəniş hissəsində müvafiq məlumatlar doldurularaq "Təsdiq" düyməsi sıxılaraq ödəniş həyata keçirilir.
11-05-2024, 07:57 | Şuşaya köçmüş ilk sakinlərə mənzillərinin açarlarını İlham Əliyev təqdim edib - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşüblər.
Sonra açarların təqdim edilməsi mərasimi olub.
Sakinlər Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər.











10-05-2024, 14:37 | Seçkinin vaxtı qabağa çəkilə bilər - Məzahir Pənahov

Qanunvericiliyə uyğun olaraq parlament seçkiləri noyabrın əvvəlində keçirilməlidir.
Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkidən əvvəl həmişə Mərkəzi Seçki Komisiyası maarifləndirmə işləri həyata keçirir.
"Onun artıq vaxtı çatıb. Bu günlərdə biz hətta iclasda müzakirə etdik ki, biz maarifləndirmə proqramını tərtib edirik. Komissiya onu bəyənir. Sonra biz tədbirlərimizi həyata keçiririk. COP29-a görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı ancaq qabağa çəkilə bilər. Biz təcili maarifləndirmə tədbilərinə başlamalıyıq. Bu yaxınlarda siz addımların atıldığının şahidi olacaqsız", - deyə o qeyd edib.
Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.
10-05-2024, 14:33 | Almatıda nazirlərin görüşü başladı - YENİLƏNİB

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
"Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.
Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.
--------
08:33
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
report.az-a istinadən xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq
10-05-2024, 13:45 | Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikası Baş nazirinin müavini - Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib.
10-05-2024, 10:09 | Heydər Əliyev müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi - Baş nazir

Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyev strategiyası zamanın sınağından çıxıb və özünü doğruldub. Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan da onun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyev iki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edib və hər ikisində də doğma xalqının mənafeyi naminə misilsiz fədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunu yüksəklərə qaldırıb.
Bu barədə Baş nazir Əli Əsədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, sovet hakimiyyəti dövründə ali siyasi rəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərək onu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı.
"Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaqdır. Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub.
Ötən əsrin səksəninci illərinin sonunda Heydər Əliyevin siyasi hakimiyyətdən kənarda qaldığı 1988-1993-cü illər ölkəmizin və xalqımızın ən ağır illəri oldu. Həm daxili siyasətdə, həm xarici siyasətdə, həm iqtisadiyyatda, həm də Ermənistanın təcavüzü ilə əlaqədar hərbi sahədə dərin böhran hökm sürürdü. Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər 1993-1995-ci illərdə ümumi böhranın üç tərkib hissəsinin - daxili siyasi, xarici siyasi və hərbi böhranın genişlənməsinin qarşısını aldı. Ölkədə daxili sabitlik yaratdı, xarici siyasi əlaqələri yenidən qurmağa başladı və müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi.
Hərbi böhranın dərinləşməsinin nəinki qarşısı alındı, hətta 1994-cü ilin əvvəllərində uğurlu əks-hücum əməliyyatı keçirilərək, Füzuli rayonunun Horadiz qəsəbəsi, 21 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alınaraq, ilk hərbi qələbə əldə olundu və az sonra isə atəşkəs sazişi imzalandı ki, bu da Azərbaycana səfərbər olmaq, güc toplamaq və müasir ordu quruculuğuna başlamaq imkanı verdi. Ümumi böhranın üç tərkib hissəsinin aradan qaldırılması nəticəsində iqtisadi böhranın dərinləşməsi dayandırıldı, köklü islahatlar vasitəsilə davamlı iqtisadi dirçəlişin təməli qoyuldu", - deyə Ə.Əsədov bildirib. // Trend//
10-05-2024, 09:15 | Ceyhun Bayramov Qazaxıstana getdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
10-05-2024, 09:05 | Azad edilmiş ərazilərdə 118,5 min hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə bu günədək 118 min 503 hektar sahə, o cümlədən yaşayış məntəqələri üzrə 18 min 143 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin AZƏRTAC-dakı məqaləsində yer alıb.
Samir Nuriyev qeyd edib ki, bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun gördüyü işlər və həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır: "Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır".
10-05-2024, 09:04 | Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.//report.az/


















