2-09-2020, 15:45 | Məhərrəm Əliyev: Bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir
- Cənab general-polkovnik, bugünlərdə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski tanınmış jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə ölkəmizə, ərazi bütövlüyümüzə, xüsusilə Naxçıvanın tarixinə qarşı qərəzli mövqe nümayiş etdirməklə, bir sıra faktları təhrif edib, açıq-aşkar əsassız fikirlər səsləndirib. Siz bu qərəzə hansı müstəvidən yanaşardınız?
- İlk öncə qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz. Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü "şərqşünas" qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz.
Bu şəxsin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirirəm. Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur.
- Məhərrəm müəllim, Jirinovski sözügedən müsahibəsində elə danışıb ki, guya o dediklərini elmi əsaslarla sübuta yetirir və s. Sizə elə gəlmirmi ki, onun həmin fikirləri arxasında sifariş xarakterli məqamlar da dayanır?
- Ümumiyyətlə, onun Naxçıvanı "erməni ərazisi kimi" təqdim etməsi heç bir elmi - tarixi əsası olmayan uydurma, əfsanədir. Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü "şərqşünas" kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil.
- Cənab general-polkovnik, Azərbaycanın beynəlxalq siyasi arenadakı yeri və rolu artdıqca ərazi bütövlüyümüzün dəstəklənməsi ətrafındakı uğurların da şahidlərinə çevrilirik. Ümumiyyətlə, diplomatik qələbələrimizlə yanaşı, hərbi uğurlarımız arasında hər hansı bağlılıq ola bilərmi?
- Düşünürəm ki, əldə edilən bütün uğurlarımız bir-birinə bağlıdır və əlbəttə, hər bir zəfər qalibiyyətə doğru atılan növbəti addımdır. İstər diplomatik, istərsə də hərbi qələbələrimiz bir məcrada - güclü dövlətçilik adı altında birləşməklə, Azərbaycanımızın adını daha çox yüksəklərə qaldırır. Söz yox ki, beynəlxalq hüququn birmənalı olaraq ərazi bütövlüyümüzü tanıması da həmin uğurların bir parçasıdır. Lakin onu da unutmamalıyıq, Azərbaycan dövlətinin hərbi gücü və strategiyası da imkan verir ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad edək, hətta tarixi torpaqlarımızda anti-terror əməliyyatları aparaq. Bunu cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev də öz çıxışlarında qətiyyətlə vurğulayıb. Məhz bu dönməz siyasi xətt, qətiyyətli mövqe növbəti qələbələrə aparan yol kimi təcəssüm oluna bilər. Azərbaycan xalqı bunu bilir, dərk edir və əlbəttə ki, dəstəkləyir. Əbəs deyil ki, artıq ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü ən ali dərəcədə tərənnüm etdirməkdədir.
- Məhərrəm müəllim, Nikol Paşinyanın bu yaxınlarda yenidən Dağlıq Qarabağa etdiyi qanunsuz səfəri və səfəri çərçivəsində Tovuz rayonu ilə sərhəd ərazilərində təxribat törədən hərbi qulluqçuları mükafatlandırması Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməyəcəyi anlamını daşıya bilərmi?
- Bilirsiniz, bir hərbiçi olaraq, bu kimi məsələlərdə də mövqeyimi hərbi yöndən ictimailəşdirməyə çalışıram. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, aparılan uğurlu siyasət və diplomatik nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanılmasına, möhkəmləndirilməsinə tam təminat verir. Əgər bu gün işğalçı ölkənin rəhbəri torpaqlarımıza səfər edirsə, bu səfərlərin hər biri diqqətimizdə saxlanılır və ümumiyyətlə, düşmənin hər addımı bizim tam nəzarətimiz altındadır. Bayaq da qeyd etdiyim kimi, işğalçıların bu kimi addımları davam edənə qədər onlar Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin ağır zərbələri altında qalacaqlar, yəni ərazilərimiz tam şəkildə azad olunana qədər. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan təxribatçı əsgərlərini mükafatlandırırsa, artıq onun özü də həmin təxribatçıların bir hissəsinə çevrilir və bu əməlinin də cavabını alacaq.
Ancaq son olaraq xatırlatmaq istərdim ki, Naxçıvan, Qarabağ ətrafında bənzər manipulyasiyalara yol verən qərəzli siyasətçilər və onların ermənipərəst havadarları da yaxşı bilirlər ki, publikaya oynadıqları məkrli oyunlarının heç bir əsası yoxdur, əksinə, onlar özlərinə zərər edirlər. Trend
2-09-2020, 11:26 | Azərbaycan XİN “Nezavisimaya qazeta” nəşrində çıxmış məlumata münasibət bildirdi

Növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk.
Bunu Trend-ə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın "Nezavisimaya qazeta" nəşrində çıxmış məlumatla bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Rusiyanın "Nezavisimaya qazeta" nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı "ildırım sürətli müharibəyə" hazırlaşdığı barədə xəbər yayılıb.
Məsələyə münasibətdə L.Abdullayeva bidlirib ki, bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur:
"ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun "qəhrəmanlığının" Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir.
Hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır.
Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur".
2-09-2020, 11:24 | Piter Teys: "Digər etnik qrupların Azərbaycanın suveren ərazilərinə köçürülməsi Dağlıq Qarabağda vəziyyəti ciddi şəkildə çətinləşdirir"

Digər etnik qrupların Azərbaycanın suveren ərazilərinə köçürülməsi Dağlıq Qarabağda vəziyyəti ciddi şəkildə çətinləşdirir.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, müharibədən əziyyət çəkən Suriyadan qaçan suriyalı ailələrin Dağlıq Qarabağa köçürülməsi Qafqazın və bütün Avropanın polikultural və dinlərarası strukturuna ziyan vura bilər:
"Avropa İttifaqının qurumlarının (Avropa Şurası və Avropa Komissiyası) Ermənistan hökumətinin bu fəaliyyətinə göz yumması narahatlıq doğurur. Ermənistan rəhbərliyi və onun faşist liderləri daim beynəlxalq hüququ pozur. Ermənistandakı rejim Avropanın demokratik standartlarına böyük təhlükə yaradır. Digər etnik qrupların Azərbaycanın suveren ərazilərinə köçürülməsi Dağlıq Qarabağda vəziyyəti ciddi şəkildə çətinləşdirir".
P.Teysin sözlərinə görə, Ermənistanın terrorçu rejimi tərəfindən edilən kobud səhvlər, o cümlədən suriyalı vətəndaşların hesabına Azərbaycanın suveren ərazilərində yeni məskənlərin yaradılması bir daha göstərir ki, Yerevan Qafqazda etnik və mədəni birgəyaşayışa ziyan vurmaqda davam edir və hətta Avropa dövlətlərinin Afrikada müstəmləkəçiliyi zamanı tətbiq olunmayan üsullardan istifadə edir:
"Qondarma "Dağlıq Qarabağ Respublikası"nın liderləri beynəlxalq hüququ, Avropa İttifaqının insan haqlarının müdafiəsi barədə Konvensiyasını, insan hüquqlarına aid olan və işğal olunmuş ərazilərdə irqlərin süni şəkildə qarışdırılmasını qadağan edən, Avropa Parlamentinin təsdiq etdiyi bütün qətnamələri kobud şəkildə pozur. Ermənistan bu cinayətkar fəaliyyəti dayandırmalı və beynəlxalq arenada məsuliyyətli iştirakçıya çevrilməlidir".
Ekspert əlavə edib ki, Azərbaycan hərbi gücünün, qoşunlarının döyüş qabiliyyətinin Avropanın və Qafqazın bir çox ölkələrinin standartlarını üstələməsinə baxmayaraq, müdriklik və məsuliyyət nümayiş etdirir:
"Ermənistanın faşist hökuməti təxribatlardan qaçmalıdır, əks halda bomba Ermənistan liderlərinin öz əlində partlayacaq".
30-07-2020, 18:00 | Qəbələ, Qobustan və Şəkidə yeni məktəblər tikiləcək

Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Virtualaz.org bildirir ki, sərəncama əsasən Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Dövlət başçısının digər iki sərəncamı ilə Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
30-07-2020, 17:54 | DTX Azərbaycanda xarici kəşfiyyata casusluq edən ər-arvadı yaxaladı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.
Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.(virtualaz.org)
30-07-2020, 17:45 | Türkiyə qırıcıları Gəncədə

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.
Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
30-07-2020, 17:40 | Dini Komitə tenderlərlə bağlı yayılan iddialara aydınlıq gətirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və mətbuatda tenderlər zaman pozuntuların olması ilə bağlı ona yönəlik ittihamlarla əlaqədar məlumat yayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, Komitənin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir. Buna əsasən də, hər il Komitə tərəfindən müxtəlif adlarda onlarla tədbir həyata keçirilib və bu işlər bu gün də mövcud vəziyyətlə əlaqədar günün tələbləri çərçivəsində onlayn formatda aparılmaqdadır.
"Dövlət Komitəsinin indiyə qədər təşkil etdiyi tədbirlərin mahiyyəti, formatı, iştirakçıları və nəticələri barədə məlumat almaq üçün dövrü mətbuata, sosial mediaya ötəri göz gəzdirmək kifayətdir. Lakin təəssüf ki, bu fəaliyyətə bəzən kölgə salmaq cəhdləri də olur. Bu mənada dünən və bu gün tarixində bəzi saytlarda və sosial şəbəkədə Komitə ilə əlaqədər yayılan, amma həqiqəti əks etdirməyən bir məsələyə münasibət bildirməyə ehtiyac duyuruq.
Birincisi, qeyd edək ki, Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsi kimi təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində müxtəlif mövzularda Bakı şəhərində və regionlarda 2020-ci il üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi məqsədilə 19 fevral 2020-ci il tarixində 5 açıq tender elanı verilib".
Məlumatda qeyd olunub ki, açıq tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilməyib: "Ümumiyyətlə, açıq tenderlərin keçirilməsi "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq etender.az portalı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Qanunvericiliyə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi məcburidir. Sahibkarlıq subyektləri də istənilən tenderin iştirak haqqını ödəməklə şərtlər toplusunu onlayn olaraq əldə edir və lazımi sənədləri onlayn qaydada təqdim etməklə tender təklifini verir. Ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur. Tender prosedurunda ən azı üç sahibkarlıq subyektinin təklif verməsi tələb edilir. Əks təqdirdə tender baş tutmamış sayılır.Tenderdə hər subyektin yalnız 1 təklif təqdim etməsi tələb olunur. Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır.
Göründüyü kimi, bütün prosesler onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirilib. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçilmiş tender proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınıb. Qalib təşkilatlarla müqavilə bağlanılıb, lakin pandemiya ilə əlaqədar ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlər keçirilməyib və bağlanılmış müqavilələr üzrə Dövlət Komitəsi hansısa ödəniş həyata keçirməyib.
Bir daha bildiririk ki, Dövlət Komitəsinin pandemiya dövründə təşkil etdiyi bütün tədbirlər onlayn formatda olub və bunun üçün dövlət büdcəsindən 1 manat da olsun vəsait xərclənməyib. Əvvəlcədən nəzərdə tutulmuş maarifçilik işinin pandemiya dövrünün tələbləri nəzərə alınmaqla onlayn formatda həyata keçirilməsi üçün Dövlət Komitəsinin imkanları səfərbər olunub, əməkdaşlarımızın bir hissəsinin bu istiqamətdə fəaliyyəti evdən təşkil edilib. Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən, sadəcə rəqəmlərə istinad etməklə fikir yürütmək, qanuni keçirilmiş tenderə kölgə salmaq, üstəlik dövlət qurumunu ümumiyyətlə toxunulmayan maliyyə vəsaitindən düzgün istifadə etməməkdə günahlandırmağı açıq-aydın məqsədyönlü qaralama və qərəz kimi görürük.
Media qurumlarından xahiş edirik ki, Dövlət Komitəsinin fəaliyyətinə aid olan bütün məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur", - deyə Komitənin məlumatında bildirilir.
30-07-2020, 16:06 | Əli Əsədov təhsillə bağlı qərarda dəyişiklik etdi

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərar “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli fərmanının 3.4-cü bəndinə əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq imzalanıb.
Qərarda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 962) ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:
2 5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)
25-35; 5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);
5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”. (Virtualaz.org)
19-06-2020, 06:19 | Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilir

Dermatovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Etiologiyasına görə dəri xəstəlikləri infeksion və qeyri-infeksion, qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Onlardan bəziləri, məsələn, pemfiqus, bulloz, epidermoliz və s. autoimmun mənşəlidir və yaranma səbəbləri elmə dəqiq məlum deyil. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı. Əvvəllər 4 belə xəstəlik məlum idisə, indi diaqnostik metod və cihazların inkişafı ilə əlaqədar 50-dən çox belə xəstəlik məlumdur.
Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.
Professorun dediyinə görə, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: "Ötən əsrin axırlarından etibarən yoluxucu xəstəliklərdən olan sifilisin yayılmasında artım müşahidə olunsa da, son iki ildə həmin xəstəlikdə stabilləşmə nəzərə çarpır. Sovet vaxtı zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. İndi xəstələr müalicə şəraitini özləri seçir, bəzi hallarda isə anonim şəkildə müalicə alırlar və bu, statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi aparılması üzrə işlər gedir.
Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmasların azalaraq minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanın azalmasına səbəb olacaq. Həmçinin fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacağı gözlənilir".AZƏRTAC
19-06-2020, 06:13 | Prezident İlham Əliyev: Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq Prioritetləri" sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".AZƏRTAC















