23-12-2020, 15:30 | Bir sıra dövlət rəhbərləri və siyasi xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər

Bir sıra dövlət rəhbərləri və siyasi xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.

Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.

Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

XXX

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadan:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə həyat yoldaşım İmantsın adından və öz adımdan ən xoş təbriklərimizi və arzularımızı qəbul etməyinizi xahiş edirəm. Sizə daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edir, xalqınızın sevgisi və dəstəyindən zövq almağı diləyirəm.

Sizin builki doğum gününüz doğma vətəniniz Azərbaycanın uzun müddət işğal altında qalan torpaqlarının azad olunması ilə eyni dövrə təsadüf edir. Fürsətdən istifadə edərək, ali rəhbərliyiniz və Silahlı Qüvvələrinizin şücaəti sayəsində qazandığınız şanlı Qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. İşğaldan azad etdiyiniz şəhər və kəndlərin yenidən qurulması, torpaqların istifadəyə hazırlanması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi qarşınızda duran vəzifələrin də uğurla yerinə yetirilməsində Sizə nailiyyətlər diləyirəm. Əminik ki, dağıdılmış tarixi və mədəni abidələr Sizin fədakar səyləriniz sayəsində bərpa olunaraq bütün dünyaya nümayiş etdiriləcək.

Həmsədrimiz İsmayıl Serageldinin və Qəyyumlar Şurasının üzvlərinin təbriklərinə qoşularaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin bizə və missiyamıza etimadınız sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya şəraitində yaşadığımız 2020-ci ildə sanballı nailiyyətlər əldə edib. Beynəlxalq səfərlərin və üzbəüz görüşlərin qeyri-mümkün olduğu bir zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əvvəlki illərdən fərqli olaraq çoxlu sayda həm yüksək səviyyəli onlayn görüşlərin təşkilatçısı, həm də iştirakçısı olub. BMT, Ümumdünya Elm və İncəsənət Akademiyası kimi nüfuzlu təşkilatlardan tutmuş Avropa İttifaqı ölkələri və Çinlə, eləcə də onların aparıcı institutları ilə fəal tərəfdaşlıq etmişik. Şəxsən mən bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə əvvəlki illərlə müqayisədə daha çox vaxt sərf etmişəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə daha da artan səmərəli fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunun yüksəlməsinə və onun dünyada maraq doğuran məsələlərdə daim yeni dostlar və tərəfdaşlar qazanmasına töhfə verməkdədir.

Cənab Prezident, bir daha Sizə ən yüksək ehtiramımı bildirirəm".

XXX

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Zati-alinizi təbrik edirəm, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, Azərbaycan xalqının daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Həmçinin bütün Azərbaycan xalqını uzun müddət can atdığı hədəfinə çatmasını mümkün edən və Azərbaycan Respublikasının beynəlxalq hüququn normalarına və ədalət prinsiplərinə sadiqliyini möhkəmləndirən böyük tarixi Qələbə münasibətilə təbrik edirəm.

Bu tarixi anda Azərbaycan xalqının və bizim hamımızın xatirəsini daim yad etdiyimiz dahi Heydər Əliyevi xatırlamaq istəyirəm. Hörmətli cənab Prezident, Siz Ali Baş Komandan olaraq bu taleyüklü dönəmdə tarix yazdınız və ətrafınızda sıx birləşən Azərbaycan xalqı üçün böyük bir qəhrəmana çevrildiniz. Cənab Prezident, dünyada bənzəri olmayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə görə Sizə minnətdarlığımı bildirirəm.

Qırğızıstan və Azərbaycan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dilini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Əminəm ki, Sizin səylərinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək".

XXX

"Komsomolskaya pravda" qəzetinin baş redaktoru Vladimir Sunqorkindən:

"Əziz İlham Heydər oğlu, doğum gününüz mübarək. Bu əlamətdar gündə dostluğunuza və xoş ənənələrə sədaqətinizə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Belə ənənələrdən biri hər günü "Komsomolka" ilə birgə başlamaqdır.

Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram".

XXX

2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rəşid Alimovdan

"Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.

Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.

Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, istedadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım".

XXX

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə, ilk növbədə, Zati-alinizə, həmçinin möhtərəm xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu il çox xoşbəxtik, belə ki, Sizin Ali Baş Komandanlığınızla qəhrəman Azərbaycan Ordusu türk millətinin və dostlarının mənəvi dəstəyi ilə işğal altındakı torpaqlarını azad etmiş və hər kəsin təqdirinə layiq böyük hərbi zəfər və siyasi uğur qazanmışdır.

Bu münasibətlə əziz Azərbaycan xalqına rəhbərliyiniz ilə daha firavan gələcək və əmin-amanlıq diləyir, Sizin himayənizlə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlarının davamlı olmasını arzulayır, ehtiramlarımı bildirirəm".

XXX

2014-2016-cı illərdə Latviyanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Laimdota Strauyumadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı və rifah arzulayıram.

Zati-aliləri, Siz görkəmli dövlət başçısısınız. Bütün dünya Azərbaycan xalqının ölkənizin ərazi bütövlüyü uğrunda Sizin rəhbərliyinizlə apardığı mübarizəni izlədi. Bu dövr, həmçinin insanların həyatını təhlükə altına qoyan və ənənəvi iqtisadiyyatda, eləcə də bir çox sosial proseslərdə dəyişikliklərə səbəb olan COVID-19 virusunun geniş yayıldığı dönəmə təsadüf edib.

Mən Sizə ölkənizin ərazi bütövlüyünün qorunub saxlanılması üçün mexanizmlərin yaradılması məqsədilə gələcəkdə dialoqun aparılması istiqamətində bütün çağırışların öhdəsindən gəlməyi və davamlı uğurlar əldə etməyi arzulayıram. Mən Sizin gözəl ölkənizə sülh, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Biz Beynəlxalq Nizami Gəncəvi Mərkəzində etibarlı dostunuz olaraq Sizin daim yanınızdayıq".

XXX

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Raymonds Veyonisdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli Prezident.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Latviya və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və yaxın əlaqələri yüksək dəyərləndirirəm.

Arzu edirəm ki, növbəti il ölkəniz və şəxsən Sizin üçün xoş hadisələrlə zəngin olsun.

Qarşıdan gələn ildə Sizə ən xoş arzularla,

Raymonds Veyonis

Latviya Respublikasının sabiq Prezidenti (2015-2019),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü".

XXX

İsrailin sabiq xarici işlər naziri Tzipi Livnidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub gəlib.

Məktubda deyilri:

"Hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qazandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.

Ən xoş arzularla".

XXX

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Prezidentliyim dövründə Sizinlə bir neçə dəfə görüşümüz olub. Sizin Xorvatiyaya rəsmi səfəriniz və mənim Azərbaycana rəsmi səfərimlə bağlı ən xoş xatirələrim var. Bir sıra beynəlxalq görüşlərdə Sizinlə ikitərəfli və qlobal məsələləri müzakirə etmək imkanımız olub. Sizin beynəlxalq münasibətlərdəki çox əhəmiyyətli rolunuzu yüksək qiymətləndirirəm. Xorvatiya ilə Azərbaycanın çoxillik səmimi münasibətlərinin xələfim Zati-aliləri Kolinda Qrabar-Kitaroviçin prezidentliyi dövründə də davam etməsi ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmət və dostluğu təcəssüm etdirir. Ümidvaram ki, bu əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək. Sizin prezidentliyiniz dövründə Azərbaycanın sürətli inkişafı həqiqətən də heyranlıq doğurur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq və uğurlu inkişaf yoluna davam edəcəkdir.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olmağımdan qürur duyuram. Bu Mərkəz məhz Sizin böyük dəstəyiniz sayəsində beynəlxalq aləmdə mühüm rol oynayan nüfuzlu təşkilatlardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti Azərbaycanın dünyada tanınmasına və mövqeyinin möhkəmlənməsinə töhfə verməkdə davam edir. Dəyərli dəstəyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram".

XXX

Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycanın dostu olan Macarıstanın sabiq baş naziri, eyni zamanda, Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi Sizə doğum gününüz münasibətilə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulamaqdan böyük məmnunluq hissi duyuram.

Daha yaxşı dünya qurmaq üçün həyata keçirdiyiniz təşəbbüsləri və qarşıya qoyduğunuz hədəfləri yüksək qiymətləndirir, bu məqsədlərə çatmaq istiqamətindəki vacib töhfənizi təqdirəlayiq hesab edirəm. Son illər ərzində Azərbaycan Sizin rəhbərliyinizlə çoxtərəfliliyin və tolerantlığın inkişafı, ayrı-seçkiliyin aradan qaldırılması kimi bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı beynəlxalq arenada böyük nailiyyətlər qazanıb.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə və ailənizə qarşıdan gələn 2021-ci ildə yeni-yeni uğurlar və xoşbəxtlik diləyirəm".

16-12-2020, 18:14 | Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb



Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ədilə Əvəz qızı Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqda deyilir:

"Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir.

Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954-1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960-1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar eyni zamanda sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur.

Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.

Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.

Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988-1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir.

Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmiş, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.

Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Oqtay Şirəliyev

Ramiz Mehdiyev

Əhliman Əmiraslanov

Cəmil Əliyev

Sudeif İmamverdiyev

Nuru Bayramov

Gəray Gəraybəyli".

Nyus.Az

15-12-2020, 18:22 | Prezidentə yazırlar: "Bu Qələbə həm də Azərbaycan xalqının


Prezidentə yazırlar: "Bu Qələbə həm də Azərbaycan xalqının


Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

Həmin məktubların bəzilərini təqdim edir.

Aytəkin Musayevadan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqlı davamızda qazandığımız möhtəşəm Qələbə münasibəti ilə Sizi və qüdrətli Ordumuzu təbrik edirəm. Hərbi və siyasi sahədə əldə etdiyiniz möhtəşəm Qələbədən, hər bir azərbaycanlı kimi mən də qürur hissi duyaraq Sizə minnətdarlıq edirəm. Bu gün uğurlu siyasətinizin, çətin və şərəfli işinizin bəhrəsini həm də azad olunmuş ərazilərimizdə sürətlə gedən bərpa işlərində görürük. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa, Sizə və ailənizə can sağlığı diləyirəm.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qüdrətli Ordumuz! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Musayeva Aytəkin Afər qızı.

Azərbaycan Respublikası, Qax rayonu.

XXX

Ömər Əliyevdən, Quba, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən Sizi çox sevirəm, hər gün Sizi televiziyada izlədikcə qürur duyuram, çıxışlarınıza fəxrlə baxıram.

Otuz ildir ermənilərin tapdağı altında olan torpaqlarımız Siz və Ordumuzun sayəsində azad edildi. Sizin çıxışlarınız xalqımızı sevindirdi, düşmənə yerini göstərdi.

Mənim 8 yaşım var. Uşaq olsam da, Sizin dediklərinizi heç vaxt unutmayacağam və daim Vətənimə xidmət edəcəyəm.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev Ömər İlkin oğlu.

Azərbaycan Respublikası, Quba rayonu.

XXX

Mayıl Alıcanovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağ torpaqlarını erməni faşistlərindən tam azad etdiyinizə və Qələbə sevincini bizə yaşatdığınıza görə bütün şamaxılılar adından Sizə dərin minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik.

Bu Qələbə şəxsən Sizin siyasi iradənizin, yürütdüyünüz daxili və xarici siyasətin uğurlu nəticəsidir. Siz erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə bütün dünya azərbaycanlılarına sevinc yaşatdınız, qürurumuzu, milli mənliyimizi özümüzə qaytardınız, xalqımızın məğlubedilməzliyini bir daha dünyaya göstərdiniz.

Azərbaycan Respublikasının Prezidenti kimi şəxsən Sizin və Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizdə şərəf və qürur mənbəyimiz, müstəqilliyimizin rəmzi olan Bayrağımızı ucaltmaqla dövlətimizin ərazi bütövlüyünü və suverenliyini, xalqımızın mənəvi birliyini, yenilməzliyini və əbədiliyini bir daha sübuta yetirdiniz.

Bu böyük Qələbəni və sevinci bizə yaşatdığınız üçün Sizə minnətdarıq.

Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Alıcanov Mayıl, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Şamaxı rayonu.

XXX

Məhəmməd Zeynalovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti, Sizin müdrik rəhbərliyiniz sayəsində qazanılan bu möhtəşəm Qələbə münasibətilə Zati-alinizi və xalqımızı ürəkdən təbrik edirəm.

44 gün davam edən Vətən müharibəsində Sizin komandanlığınız altında müzəffər Ordumuz mənfur düşmən üzərində parlaq qələbə çalaraq, 28 il işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də Azərbaycan xalqının özünəinamını və qalibiyyət hissini bərpa etdi.

Cənab Prezident, Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Bu Qələbəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Zeynalov Məhəmməd Qalib oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

XXX

Mais İbadovdan, Daşkənd, Özbəkistan

Möhtərəm cənab Prezident.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü bir daha dünyaya göstərdi. Qarabağın işğal altındakı əraziləri Sizin göstəriş və əmrinizlə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində azad edildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda, siyasi və psixoloji qələbə qazandı. Bununla Azərbaycan ümumiyyətlə erməni mifini darmadağın etdi.

Biz - Özbəkistandakı azərbaycanlılar düşmən üzərində qazanılan bu Zəfəri böyük sevinclə qarşıladıq. Azərbaycan xalqı və Ordusu Sizin ətrafınızda hər zaman bir yumruq kimi birlişəb. İkinci Qarabağ müharibəsində Sizin diplomatik addımlarınız və qətiyyətiniz Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratdı.

Bu gün Özbəkistanda yaşayan soydaşlarımız da birlik nümayiş etdirərək dövlətimizi və Ali Baş Komandan olaraq Sizin siyasətinizi dəstəkləyirlər. Sizin qətiyyətli çıxışlarınız bizləri fərəhləndirir. Hər birimiz Vətən yolunda döyüşməyə hazırıq. Yaşasın Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

İbadov Mais, güləş üzrə SSRİ, Asiya və dünya çempionu.

Özbəkistan Respublikası, Daşkənd şəhəri.

XXX

Xeyrulla Əzizovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu əlamətdar, tarixi günlərdə ərazi bütövlüyümüzün tamamilə bərpa olunması münasibətilə şəxsən öz adımdan və Şirvan ziyalıları adından böyük sevinc və qürur hissi ilə Sizi, Müzəffər Azərbaycan Ordusunu və Azərbaycan xalqını təbrik edirəm. Ölkəmizə hərbi və diplomatik sahələrdə qələbə qazandıran uzaqgörən siyasətiniz üçün Sizə təşəkkür edirəm.

Möhtərəm Prezidentimiz, noyabrın 10-da Sizin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə Ulu Öndərin məzarını ziyarət edərək ata vəsiyyətini şərəflə yerinə yetirən oğul kimi hesabat verməyiniz, Şəhidlər xiyabanında xalqımıza Qələbə müjdəli müraciətiniz hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Sizinlə fəxr edir və qürur duyuruq.

Ürəyimiz Vətən uğrunda canından keçən hər bir xilaskar döyüşçü - şəhid üçün kədərlənir. Bu şərəfli oğulları böyüdən ailələrə başsağlığı veririk.

Eşq olsun Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzizov Xeyrulla Digaran oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

XXX

Qəhrəman Sadiyevdən, Almatı, Qazaxıstan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əvvəla şəxsən öz adımdan və Almatı şəhərində yaşayan Azərbaycanlılar Assosiasiyası adından Sizi və bütün Azərbaycan xalqını bu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xəyallarımızı, istəklərimizi gerçəkləşdirdiyiniz üçün Sizə böyük minnətdarlığımı bildirirəm. Çox yüksək səviyyədə təşkil olunmuş möhtəşəm hərbi parad Türkiyə və Azərbaycan qardaşlığının nümayişi, Sizin birbaşa uğurlu zəhmətinizin bəhrəsidir. Xalqımıza Sizin kimi Prezidentin başçılıq etməsi çox qürurvericidir. Bu gün hamımız Qələbə sevinci yaşayırıq və bu sevinci bizlərə yaşadan hər bir əsgərimiz var olsun, onların əllərindən, gözlərindən öpürəm və bu yolda şəhid olan hər bir Azərbaycan əsgərinə Allahdan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm.

Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin rəhbərliyiniz altında Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı və Siz həmin tarixin, 21-ci əsrin qəhrəmanı oldunuz. Əminəm ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan yüksək şəkildə inkişaf edəcək və həmişəki kimi bütün mübarizələrdə qalib olacaqsınız. Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu, millətimizi qorusun!

Hörmətlə,

Sadiyev Qəhrəman Sənan oğlu, hüquq elmləri namizədi,

Almatı Azərbaycanlılar Cəmiyyətinin sədri.

Qazaxıstan Respublikası, Almatı şəhəri.

XXX

Bəhmən Qasımovdan, Saratov, Rusiya

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

Qeyd etmək istəyirəm ki, biz Rusiya Federasiyasında vətən eşqi ilə yaşayırıq. Vətənimizin bu ağır günlərində daim xalqımızın yanında olduq.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin əsas planlarından biri ölkədə qüdrətli ordu yaratmaq idi və buna görə ona böyük hörmətimiz var. O, dahi rəhbər idi və bu işlər onun xalqına olan məhəbbətindən irəli gəlirdi. Bu məqsədlə Ulu Öndərimiz tərəfindən şanlı Ordumuzun möhkəm bünövrəsi qoyuldu, Siz isə onun layiqli davamçısı olaraq bu Ordunu daha da nizamlayaraq, gücləndirdiniz. Yaratdığınız Ordu 44 gün ərzində 30 il işğal altında olmuş doğma Qarabağ torpaqlarından yağı düşməni iti qovan kimi qovdu. Ard-arda Qələbə xəbərləri ilə bizləri sevindirdiniz. Baxmayaraq ki, 30 il BMT, ATƏT-in MİNSK qrupu erməni faşizminə göz yumurdu. Cənab Ali Baş Komandan, Vətənimiz naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizinlə və şanlı Ordumuzla fəxr edirik. Allah Sizi, şanlı Ordumuzu qorusun!

Cənab Prezident, bizə mənəvi dəstək olan - bir millət, iki dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında gözəl fikirlər söylədi: "Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir, qələbəsi bizim qələbəmizdir. İlham Əliyev mənim qardaşımdır!". Bizə dəstək olmaq istəyən digər dövlətlərdən Pakistan, İsrail, Gürcüstan da başqa müsəlman ölkələri də vardır. Biz onların hər birinə bu mənəvi dəstəyə görə təşəkkür edirik.

Siz bütün dövlətlərlə əlaqələri Azərbaycanın mənafeyinə uyğun qura bildiniz. Qardaş Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini və gördüyünüz bütün tədbirləri alqışlayırıq.

Bu gün igid oğullarımızın qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Qoy heç vaxt bu bayraqlar enməsin. Allah şəhidlərimizə rəhmət eləsin, onların anaları qarşısında baş əyirik. Yaralı əsgərlərimizi həyata qaytaran hərbi həkimlərimizə minnətdarıq.

Cənab Prezident, biz Qarabağımızı gələcəkdə daha da çiçəkləndirəcəyinizə inanırıq. İnanırıq ki, müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz Sizin sayənizdə daimi və əbədi olacaqdır. Sizinlə, müzəffər Ordumuzla fəxr edirik.

Əziz Prezidentimiz, Vətənimizin qəhrəman oğlu, müzəffər Ali Baş Komandanı, xalqımızın əzizləri İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizə bu tarixi günlərdə möhkəm cansağlığı arzulayıram. Əldə etdiyimiz qələbələrə görə Sizə minnətdarıq,

Hörmətlə,

Qasımov Bəhmən

Rusiya Federasiyası, Saratov şəhəri.

Milli.az

15-12-2020, 18:15 | Kərbəla Ticarət Palatasının və İraq İş Adamları Birliyinin rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Kərbəla Ticarət Palatasının və İraq İş Adamları Birliyinin rəhbərləri Prezident İlham Əliyevi təbrik edib



Kərbəla Ticarət Palatasının və İraq İş Adamları Birliyinin rəhbərlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qarabağ bölgəsindəki döyüşlərdə əzmlə mübarizə apararaq qazandığınız Qələbə münasibətilə Azərbaycan Respublikasını və xalqını ürəkdən təbrik edirik. Biz öz qardaşlarımızı 30 illik işğaldan azad olunan torpaqlarda normal həyat şəraitinin geri qaytarılması və həmin ərazilərdəki məscidlərdə yenidən azan səsinin ucalması uğrunda Qarabağda apardıqları mübarizədən qalib çıxdıqları üçün təbrik edirik. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyir, qəhrəmanlarınıza möhkəm cansağlığı, yaralananlara isə qısa müddət ərzində sağalmalarını arzu edirik. Azərbaycan döyüş meydanında və danışıqlar masasında çox mühüm nailiyyət əldə etdi.

Sizi əmin edirik ki, ölkəmiz bundan sonra da Azərbaycan Respublikasını dəstəkləməkdə davam edəcək.

Biz ölkələrimiz arasında ticarət üzrə işbirliyinin möhkəmləndirilməsini, biznes sahəsində mümkün imkanların dəyərləndirilərək əməkdaşlığın genişləndirilməsini, səmərəli ünsiyyətin dərinləşdirilməsini və inkişaf etdirilməsini səbirsizliklə gözləyirik".

12-12-2020, 04:03 | Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il ötür


Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il ötür


Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb.

Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla, Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib.

Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynayıb.

Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin fevralında keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırıb.

“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ­ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”, - deyə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında demişdi.

Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək, “Azərbaycan Respublikası” adlandırılıb və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiqlənib.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək, namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.

Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.(virtualaz.org)

11-12-2020, 05:48 | Mehriban Əliyeva: "Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun" - FOTO


Mehriban Əliyeva: "Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun" - FOTO



Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edilib.

Trend bildirir ki, paylaşımda deyilir:

"Təbrik edirəm! Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun!".


11-12-2020, 05:43 | Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub


Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub

Dekabrın 10-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.AZƏRTAC

11-12-2020, 05:33 | Türkiyə Prezidenti: Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur


Türkiyə Prezidenti: Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur


Burada Qardaşım İlham Əliyev bir az əvvəl ifadə etdiyi platforma məsələsinə toxundu, - sözün düzü, mən də buna böyük önəm verirəm, - lazım gələrsə altılı bir platforma da yarada bilərik dedi. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur.

AZƏRTAC bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında altılı platformadan danışarkən deyib.

"Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də Qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir", - deyə Türkiyə Prezidenti bildirib.

Türkiyədə yüz mindən çox erməninin yaşadığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: "Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq".

11-12-2020, 05:27 | Azərbaycan Prezidenti: Biz Şuşaya Türkiyə şirkətlərinin inşa edəcəyi yeni avtomobil yolu ilə, inşallah, qardaşım Ərdoğanla bərabər gedəcəyik


Azərbaycan Prezidenti: Biz Şuşaya Türkiyə şirkətlərinin inşa edəcəyi yeni avtomobil yolu ilə, inşallah, qardaşım Ərdoğanla bərabər gedəcəyik


Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların bərpası ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq və əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna biz nail olacağıq. Bu gün artıq konkret layihələr - avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək.

AZƏRTAC bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında Qarabağda həyata keçiriləcək layihələrdən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: "Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük".

Prezident İlham Əliyev qeyd edib ki, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları bizə dəstək verdilər. Türkiyənin media nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. "Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir".

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: "Bir daha əziz qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Sizi biz ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu inşa ediləndən sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik".

11-12-2020, 05:21 | Azərbaycan Prezidenti: Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq, bu, çoxtərəfli platforma ola bilər


Azərbaycan Prezidenti: Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq, bu, çoxtərəfli platforma ola bilər


Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq.

AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı deyib: "Bu gün əziz qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikrimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər".

Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladan Prezident İlham Əliyev qeyd edib ki, biz bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. "Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq", - deyə dövlətimizin başçısı əlavə edib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.