11-12-2020, 05:19 | Azərbaycanın Zəfər paradı Rusiya KİV-lərinin diqqət mərkəzindədir - FOTO

Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Rusiya KİV-lərində diqqət mərkəzindədir. Bir çox xəbər resursları və telekanallar paradı səhifələrində, o cümlədən sosial şəbəkə hesablarında canlı yayımlayıblar.
AZƏRTAC bildirir ki, Rusiya mətbuatı Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakını xüsusi vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanını ziyarəti də diqqət mərkəzində olub.
Zəfər paradı haqqında reportajlarda Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.
11-12-2020, 05:12 | Prezident İlham Əliyev: Türkiyə müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu

Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək.
AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında deyib.
"Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur "Bayraktar" Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildiyini bildirən Prezident deyib: "Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlər boyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir. Bir-birinə qardaş deyir. Eyni zamanda bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu təbiidir".
11-12-2020, 05:07 | Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib

Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur.
AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib: "Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların mənafelərini müdafiə edir. Ədaləti, beynəlxalq hüququ bərpa edir".
9-12-2020, 04:37 | Birinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır - FOTO

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.
Trend bildirir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.
Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.
Əziz həmvətənlər,
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

9-12-2020, 02:06 | Ömər Çelik: “Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir".
"Haber Global"ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
"9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır.
Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə olacaq", - deyə Ö.Çelik bildirib.
4-12-2020, 14:41 | Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
"Əziz qardaşlar və bacılar!
Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik.
Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.
Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!
Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun! ( Trend)

4-12-2020, 13:30 | "Vətən Müharibəsindəki zəfərimiz beynəlxalq mövqelərimizi daha da gücləndirdi" - Politoloq

"Azərbaycanın təşəbbüsü ilə dekabrın 3-də və 4-də COVİD pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiya keçirilir".
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur:
"Bu sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunanda ölkəmizdə bütün insanlar bunu çox böyük sevinclə qarşılamışdılar. Çünki bilirik ki, BMT dünyada sülhün və təhlüksəziliyin qorunması üçün ən mötəbər bir təşkilatdır və dünyanın bir çox dövləti bu təşkilatın üzvüdür. Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur. Eyni zamanda, COVİD-lə bağlı ilin əvvəlində cənab Prezidentin təşəbbüsü ilə bir sıra onlayn konfranslar keçirilmişdir və bu konfranslardan ən yadda qalanı Qoşulmama Hərəkatının sədri kimi cənab Prezidentin iştirakı ilə COVİD 19-a qarşı həmrəylik və birlik nümayiş etdirən böyük bir tədbir həyata keçirildi. Elə o tədbirdə bu təşəbbüslə çıxış edəcəyimiz məlum oldu və Vətən Müharibəsində Azərbaycanın zəfəri bizim beynəlxalq mövqelərimizi bir daha, daha da gücləndirdi. Dünya miqyasında imicimizin müsbət mənada inkişaf etdirilməsi üçün öz töhfəsini verdi. Bundan sonra da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənəcək".
İ. Hüseynov əlavə edib ki, bu sessiya ölkəmizin bundan sonra da dünyada müsbət imicinin formalaşmasına öz töhfəsini verəcək:
"COVİD ilə mübarizə də dövlətin prioritetləri sırasındadır. Çünki Vətən Müharibəsi artıq arxada qaldı. Vətən Müharibəsində də Azərbaycan Prezidentinin dünyanın Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərinin bəyan olunması, eyni zamanda dünya səviyyəli problemlərin Azərbaycanda müzakirə olunması üçün çox yaxşı bir mühitin olması, eyni zamanda burada cənab Prezidentin vahid diplomat kimi dünyanın bir sıra vacib problemlərinə münasibət bildirməsi, dünya tarixini, müasir beynəlxalq münasibətlər sistemini çox yaxşı bildiyinin də şahidi olduq. Bu sessiyanın Azərbaycanın təşəbbüsü ilə keçirilməsi bizim beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi nöqteyi nəzərdən də xüsusi əhəmiyyət kəsb edir. Bu sessiyadan sonra da ölkəmizin BMT çərçivəsində əməkdaşlığı və beynəlxalq sülhə, təhlükəsizliyə, eyni zamanda səhiyyə sisteminin qorunmasına, insanların sağlamlığına olan diqqət Azərbaycan tərəfindən göstərilən təşəbbüs nəticəsində daha da artırılması ölkəmizin müsbət mənada yaxşı imicinin formalaşmasına öz töhfəsini verəcək".(milli.az)
4-12-2020, 13:00 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər - VİDEO

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.
Azərbaycanın dövlət himni səsləndirildi.
3-12-2020, 12:36 | Prezidentə məktublar: "Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edir:
Aleksandr Oreşnikovdan, Krasnoyarsk, Rusiya
"Hörmətli cənab Prezident İlham Heydər oğlu.
Mən əsgərliyimi Azərbaycanda başa vurmuşam. 1987-1989-cu illərdə indiki Gəncə, o vaxtkı Kirovabad şəhərində yerləşən 104-cü qvardiyanın hava-desant diviziyasında xidmət etmişəm.
Dağlıq Qarabağda baş verən faciələrin birbaşa şahidi və iştirakçısı idim. O vaxt xalqınızın yaşadığı iztirabları böyük ürək ağrısı ilə qəbul edirdim.
1993-cü ildə Ağdamın işğalını şəxsi bir faciə kimi qəbul etdim, çünki bu şəhərə çox bağlı idim və əziz xatirələrim var idi.
Sizi və çoxmillətli xalqınızı Qələbə münasibətilə təbrik edirəm! Nəhayət, ədalət zəfər çaldı. Mən buna ürəkdən sevinirəm və səmimi qəlbdən Sizin fəaliyyətinizin Dağlıq Qarabağa bölgəsinə sülh və firavanlıq gətirəcəyini inanıram.
Sizə və xalqınıza əmin-amanlıq, başınızın üstündə açıq səma arzulayıram!"
XXX
Asman Hüseynovdan, Yaroslavl, Rusiya
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi və Azərbaycan xalqını Qarabağın azad olunmasında qazandığınız möhtəşəm Qələbə münasibətilə Rusiyanın Yaroslavl vilayətindəki Azərbaycan icmasının üzvləri adından və öz adımdan təbrik edir, həmçinin Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildirirəm. Sizin, rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində yüz minlərlə məcburi köçkün öz doğma yurd-yuvasına qayıdacaq.
"Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti" regional ictimai təşkilatı 2011-ci il dekabrın 24-də "Azərbaycan mədəniyyət və təhsil mərkəzi" yaratdı. Bu mərkəzin nəzdində müxtəlif bölmələr (Heydər Əliyev Muzeyi, kitabxana, milli çay evi və s.) fəaliyyət göstərir. Mərkəzimiz öz fəaliyyəti ilə Azərbaycan həqiqətlərini yaymağa və milli-mədəni dəyərlərimizi nümayiş etdirməyə xidmət edir.
Biz Sizin yürütdüyünüz xarici və daxili siyasəti dəstəkləyir və həmyerlilərimiz arasında geniş təbliğat işləri aparmaqla onları da bu siyasəti dəstəkləməyə sövq edirik. Bizim əsas fəaliyyətimiz ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm irsinin və onun dönməz davamçısı İlham Əliyevin ideyalarının təbliğatı ilə bağlıdır.
Cənab Prezident, biz Sizinlə fəxr edirik və əmin edirik ki, Yaroslavlda yaşayan azərbaycanlılar Sizi və siyasi kursunuzu daim dəstəkləyəcəklər".
XXX
Üzeyir Tapdıqlıdan, Antalya, Türkiyə
"Hörmətli cənab Prezident.
Bu məktubu yazaraq Sizə hər şey üçün dərin təşəkkürümü bildirirəm. Öncə ölkəmizi inkişaf etdirdiniz, kadr islahatları apardınız, sonra isə bütün xalqımızın həsrətində olduğu Qarabağı azad etdiniz.
Mən Antalyada yaşayıram, ürək-damar cərrahlığı sahəsində həkim işləyirəm. İmkan olduqca, vaxt tapdıqca ölkəmizdə baş verənləri izləyirəm.
Təbii ki, xalq üçün gördüyünüz işlər sadəcə bu günlər baş verənlərlə kifayətlənmir. Xalqın xeyrinə yüzlərlə önəmli işləriniz olub və yenə olacağına əminəm. Hər şey üçün Sizə təşəkkürlərimi bildirirəm.
Bütün Azərbaycan xalqı Sizin arxanızdadır, bundan əmin ola bilərsiniz. Sizi çox sevirik. Ürəyimdəki sözləri, hissləri bir məktuba yerləşdirmək mümkün deyil, İnşallah, nə vaxtsa Sizinlə görüşmək qismət olarsa, ən səmimi təşəkkürlərimi Sizə çatdıraram".
XXX
Kərim Yaqubovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən və ailəm 27 ildən artıqdır ki, öz doğma kəndimiz - İlxıçı kəndindən uzaq düşmüşük. Şükür Allaha ki, sayənizdə Qarabağ torpağımız, Ağdamımız Sizin komandanlığınız altında rəşadətli və müzəffər Ordumuz tərəfindən yağı düşməndən azad olundu.
Aztəminatlı ailənin üzvü olduğum üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən mənə verilmiş xırdabuynuzlu heyvanları işğaldan azad olunmuş doğma kəndimizdə saxlayıb artıracağam. Torpaqlarımızın azad olunması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Allah Sizi və ailənizi qorusun!
XXX
Rasim Əliyevdən, Kəlbəcər, Azərbaycan
"Çox hörmətli cənab Prezident.
Çox çətin missiyanın öhdəsindən gələrək əzəli Qarabağ torpaqlarımızı erməni təcavüzkarlarından azad etdiniz, mənliyimizi, qürurumuzu özümüzə qaytardınız. Bununla düşmən bir daha qarşısında heç vaxt ərazilərinin işğalı ilə barışmayan güclü xalq gördü. Bu günün sevincini bizə yaşatdığınız üçün ailəm adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Zəfərimiz mübarək olsun!"
XXX
Etibar Bababəylidən, Naxçıvan, Azərbaycan
"Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın azad olunması münasibətilə təbrik edirəm. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm və qürur duyuram. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz.
Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, vətənpərvər, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz. 1990-cı ildə Nehrəm kənd ağsaqqallarının ulu öndərimiz Heydər Əliyevə Qarabağın düzgün həll variantı haqqında verdikləri sualın cavabı onun vəsiyyətinə və arzusuna tam uyğundur. Son 200 ildə dəfələrlə basılan, qarış-qarış yonulan Azərbaycan torpaqlarının bütövləşməsi, türk dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa olunması Sizin məqsədyönlü, doğru siyasətinizin nəticəsidir. Naxçıvanla Azərbaycan, Türkiyə ilə Azərbaycan və Azərbaycan üzərindən Türkiyə-Rusiya-dünya ölkələri quru yolunun açılmasını həmişə xəyal etmişik. Bu gün bu gerçəkdir, həqiqətdir, tarixi sənətdir!
Güclü və iradəli Prezident, Müzəffər Ali Baş Komandan, bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı Bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayıram. Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə şəxsən özüm və ailəm adından ürəkdən təbrik edirik, igid, qəhrəman tarix yazan əsgər və zabitlərimizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, yaxınlarına səbir diləyirəm!
Şəhidlərimizin ruhu şad olsun! Şəhidlərimizə Allah rəhmət etsin!
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!
Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz!
Yaşasın Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
XXX
Rüstəm Cəfərovdan, Lənkəran, Azərbaycan
"Hörmətli cənab Prezident,
Sizi torpaqlarımızın işğaldan azad edilməsi və Qələbə qazanmağımız münasibətilə təbrik edirəm.
Torpaqlarımızın azadlığı Sizin ölkəmiz naminə yorulmaz fəaliyyətinizin nəticəsidir. Bu yolda Sizə daim müvəffəqiyyətlər arzu edirəm.
Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!"
XXX
Allahverdi Həsənovdan, Babək, Azərbaycan
"Müzəffər Ali Baş Komandan.
Siz bu Vətən müharibəsində erməni faşistləri üzərində qazandığınız möhtəşəm Qələbə ilə eyni zamanda onların yüz illərdən bəri Naxçıvana olan iddialarını puça çıxartdınız.
Çox hörmətli Prezidentimiz, Sizin komandanlığınızla yenilməz Ordumuz Qarabağı mənfur düşməndən azad etdi, möhtəşəm Qələbə qazandı. Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
Cənab Prezident, qazandığımız Qələbənin mahir təşkilatçısı, baş memarı Sizsiniz. Uca Tanrı Sizi qorusun!
Zəfərimiz mübarək olsun!"
XXX
Nailə Bağırovadan, Gəncə, Azərbaycan
"Cənab Prezident.
Misilsiz Qələbələrimiz münasibətilə Sizi təbrik edirəm. Bu müharibə torpaq davası deyil, namus, qeyrət, mərdlik davasıdır. Bu davada qalib olduğunuz üçün xalq Sizə layiq olduğunuz adı verib "Tarix yazan Sərkərdə, xilaskar Prezident". Bütün çıxışlarınızı xalq əzbərləyib. Min illər keçsə də, Azərbaycan durduqca, dünya var olduqca, Sizin adınız tək Azərbaycan tarixində deyil, dünya tarixində qalacaq. Azərbaycan xalqının özünəinamını, mənəviyyatını, mərdlik, cəsarət, dostluq, səbir kimi keyfiyyətlərini qaytardığınız üçün Sizin qarşınızda baş əyirəm. Sağ olun, var olun. Allah Sizi və Sizin rəhbərliyiniz altında bu qələbəni bizə gətirən şanlı Ordumuzu qorusun, Haqq yolunda şəhid olanlara rəhmət eləsin!"
XXX
Kənan Hümbətlidən, Beyləqan, Azərbaycan
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz ümummilli lider Heydər Əliyevin başladığı böyük yolu layiqincə davam etdirirsiniz. Siz böyük siyasi Lider, strateq, əsl Komandan olmaqla bərabər layiqli övladsınız.
Sizi və xalqımızı Qələbə münasibətilə təbrik edirəm. Bütün idman yarışlarında və digər istiqamətlərdə könüllü kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşları, xüsusilə gənclər bu günlər qazanılan qələbədə də könüllü kimi ilk sırada idi. Hər zaman fəaliyyətimizlə xalqımız, millətimiz və dövlətimiz üçün yararlı olmağa hazırıq.
Sizin rəhbərliyinizlə könüllülərin Vətən uğrunda xidmətləri gələcəkdə də ölkəmizə rifah gətirəcək. Daim Sizin əmrinizlə irəli getməyə hazırıq".
XXX
Gülüstan Qəhrəmanovadan, Sabirabad, Azərbaycan
"Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə şücaətli Ordumuzun yazdığı, əsrlərlə unudulmayacaq şanlı tariximizlə fəxr edir və qürur duyuruq.
Sizin rəhbərliyinizlə şanlı Ordumuzun tarixi zəfərləri uzun zaman keçsə də, yenidən doğma Qarabağ sevincini yaşamağı bizlərə qismət etdi. Qarabağın azadlığı Vətən sevgimizi daha da nurlandırır. Mən fəxr edirəm ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan azad Qarabağ yurdunun sakiniyəm".
XXX
Rəfiqə Əliyevadan, Biləsuvar, Azərbaycan
"Möhtərəm Prezident cənab İlham Əliyev.
Sizin möhkəm iradəniz sayəsində xalqımızın 30 ilə yaxın olan ağrılı, qanlı-qadalı günləri geridə qaldı. Sizi, xalqımızı, Ordumuzu möhtəşəm qələbə münasibətilə təbrik edir, ulu xalqımın əvəzsiz Liderinə ən səmimi arzularımı çatdırıram. Hamımız sevinirik, düşməndən şəhidlərimizin qisasını aldıq, torpaqlarımız azad olundu. Şəhidlərimizin ruhu qarşısında borcumuzu verdik. Bunlar müqəddəs hisslərdir. Keçirdiyimiz bu ifadəsiz sevinc hisslərini bizə bəxş etdiyiniz üçün Sizə, yenilməz Ordumuza sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, qalib, yenilməz sərkərdəmiz kimi Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə çiçəklənəcək, xalqımızın rifahı daha da yüksələcək. Sizə, ailənizə cansağlığı, bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Var olsun Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan!"
XXX
Cəbrayıl Şirəliyevdən, İmişli, Azərbaycan
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
İşğal olunmuş ərazilərimizin müdrik rəhbərliyinizlə Müzəffər Ordumuz tərəfindən azad edilməsi münasibətilə Sizi ailəmiz adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin çiçəklənməsi, dövlətimizin və dövlətçiliyimizin daha da inkişafı naminə səmərəli fəaliyyətinizdə böyük nailiyyətlər, yeni-yeni uğurlar arzulayırıq.
Cənab Prezident, Sizin adınız şanlı Qələbə tariximizə qızıl hərflərlə əbədi həkk edilmişdir. İşğal altında olan müqəddəs torpaqlarımızı mənfur erməni tör-töküntülərindən, iblis xislətli erməni faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə tərzindən uzaq cəlladlardan azad etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Döyüş meydanında və danışıqlar masası arxasında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığınız möhtəşəm Qələbə Azərbaycan xalqında özünə inam formalaşdırmış, hər bir azərbaycanlının qəlbində və vicdanında Ali Baş Komandanına olan ümid və güvəni daha da yüksəltmişdir. Biz Sizinlə fəxr edirik! Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik. Yaralı əsgərlərimizə şəfa diləyirik. Qarabağ Azərbaycandır!"
XXX
Nağı Məmmədovdan, Abşeron, Azərbaycan
"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Bu məktubu həyəcansız yazmaq mümkün deyil. Hər bir qiymətli, dəyərli söz Sizin gördüyünüz işlər qarşısında acizdir. Uğurlu siyasətiniz, təmkininiz, uzaqgörənliyiniz 2020-ci il sentyabrın 27-dən başlayan bu Vətən müharibəsində bir daha özünü sübut etdi. Azərbaycan xalqı ilə ünsiyyətiniz, xalqı arxanızca aparmaq bacarığınız, xalqa müraciətiniz bunun bariz nümunəsidir.
Lider ölkənin Lider Prezidenti, Azərbaycan xalqı lider kimi yalnız Sizi qəbul edir. Ölkə daxilində sabitliyin qorunub saxlanılması bu nailiyyətlər üçün əlverişli zəmin yaratmışdır. Respublikada sabitliyin pozulmasında maraqlı olan xarici və daxili qüvvələrə qarşı qətiyyətli mübarizəniz nəticəsində bir sıra ölkələrdə həyata keçirilən "rəngli inqilablar" ssenarisi Azərbaycanda iflasa uğradı, iqtisadi inkişaf üçün lazım olan dinc şərait təmin olundu. Əvvəlki illərdən fərqli olaraq inflyasiyanın səviyyəsinin azadılması, minimum əməkhaqqının daha da yüksəldilməsi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan çoxcəhətli fəaliyyət, vətəndaş həmrəyliyinin daha da inkişafı və s. sahələrdə qazanılmış uğurlar xarici siyasətdə də müvəffəqiyyətlər qazanılmasına imkan yaratdı. Bütün bunlarla yanaşı, Qarabağ savaşında da atdığınız uğurlu addımlar möhtəşəm Qələbə ilə nəticələndi. Azərbaycanı bütün bəşəriyyətə tanıtdınız. Ali Baş Komandan kimi əzmkarlığınız, qətiyyətliliyiniz sayəsində Azərbaycan Ordusunun mükəmməl hazırlığı, hərbi kadrların düzgün seçimi hər bir kəsə bariz nümunədir. Biz Sizinlə fəxr edirik! Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var, Sərkərdəmiz var! Azərbaycan xalqı Sizi çox sevir, həmişə arxanızdadır! Gələcək işlərinizdə uğurlar arzulayırıq!
Bəli, Ulu Öndərin təbirincə desək, "Mən fəxr edirəm ki, azərbaycanlıyam!".
Biz fəxr edirik ki, azərbaycanlıyıq! Azərbaycan artıq bütövləşdi, ərazisi tamamlandı. Azərbaycan tarixinə yeni tarix yazdınız. Bu tarix əbədi qalacaq!
Bütün nehrəmlilər adından Sizə minnətdarıq!
Yaşasın Ali Baş Komandan! Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!"
XXX
Tofiq Allahverdiyevdən, Kəlbəcər, Azərbaycan
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən öz adımdan və bütün Kəlbəcər rayonunun sakinləri adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz bizim 27 illik Vətən həsrətimizə son qoydunuz. Biz artıq öz dədə-baba yurdumuza - Kəlbəcərimizə qayıdırıq və bu, Sizin yürütdüyünüz mükəmməl siyasətin nəticəsidir. Siz bizim gözümüzdə və qəlbimizdə bir Fateh olaraq yaşayacaqsınız. Siz bu dünyada bizə cənnəti bəxş etdiniz. Allah Sizi və ailənizi daim qorusun!"
XXX
Nicat Quliyevdən, Beyləqan, Azərbaycan
"Müzəffər Ali Baş Komandan.
Doğma Qarabağın azad olunması xəbərlərini xalqımıza çatdırdığınız bu xoş günlərdə Sizə təşəkkür məktubumu göndərərək bildirmək istəyirəm ki, atam Quliyev Bəxşeyiş Maşallah oğlu 1-ci Qarabağ müharibəsində iştirak edərək, Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə 1994-cü il martın 16-da qəhrəmancasına şəhid olmuşdur. Mən atamın qisasını alacağım günün həsrəti ilə yaşayırdım.
Sizin güclü siyasətinizin və müzəffər Ordumuzun canı və qanı bahasına ard-arda qazanılan qələbələr məni çox sevindirdi, qürurlandırdı. Başda Siz olmaqla, qüdrətli Ordumuzun bütün igid əsgərlərinə sonsuz minnətdarlığımı bildirirəm. Şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad oldu.
Gözün aydın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!"
XXX
Anar Hacıyevdən, Şəmkir, Azərbaycan
"Hörmətli cənab Prezident,
Bizə yaşatdığınız bu böyük Qələbə sevincinə görə şəxsən Sizə və müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm. Düşmən üzərindəki zəfərimiz münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir.
Müzəffər Ali Baş Komandan, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi qorusun!
Qarabağ Azərbaycandır!"
XXX
Şəbnəm Yarəhmədovadan, Gəncə, Azərbaycan
"Cənab Prezident, çox hörmətli İlham Heydər oğlu!
Sizi erməni işğalçılarına qarşı ikinci Qarabağ müharibəsində Qələbə münasibətilə təbrik edim. Sizə minnətdarlığımızı bildirirəm ki, Siz və şanlı Azərbaycan Ordusu bizə, bizim hər birimizə Qələbə bəxş etdiniz. Azərbaycanda hər bir evə, kəndə, şəhərə Qələbə gəldi. Sizin əzminiz, qətiyyətiniz, Ordumuzun yenilməzliyi sayəsində Qələbə sevinci yaşadıq. Sağ olun, var olun ki, 28 illik həsrətə son qoydunuz. Qarabağımız bizim oldu, hər zaman da bizim olacaq. Biz sonsuz qürur duyuruq ki, ölkəmizin Sizin kimi Prezidenti, Ordumuzun isə Sizin kimi Ali Baş Komandanı var. Allah Sizi və ailənizi qorusun!
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"
XXX
Emin Məmmədovdan, Quba, Azərbaycan
"Hörmətli cənab Prezident.
Sizi ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız bu haqq savaşında erməni işğalçıları üzərində qazandığımız Qələbə münasibətilə ailəm və öz adımdan ürəkdən təbrik edirəm. Azərbaycanın xilaskarı Ali Baş Komandanımıza, müzəffər Azərbaycan Ordusunun bütün əsgər və zabit heyətinə uca Tanrıdan cansağlığı arzulayıram.
Müzəffər Ali Baş Komandan, Siz hər bir Azərbaycan vətəndaşının arzuladığı bir hissi, yəni qalib ölkənin vətəndaşı olmaq kimi şərəfli və qürurverici bir hissi bizlərə yaşatdınız. Biz tarixdə görünməyən bir prosesin, Azərbaycanın işğal olunmuş ərazilərinin xain düşməndən azad olunmasının şahidi olduq. Artıq başqa dövlətlərə səfər etdikdə də biz öz torpağının bir qarışının belə düşmən tapdağında qalmasına razı olmayan, son nəfəsinədək vuruşaraq torpağını yağı düşməndən azad edən qalib bir ölkənin qürurlu vətəndaşı kimi fəxarət hissi keçirəcəyik. Artıq məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıda bilməsi bizləri çox sevindirir.
Bu şərəfli hissləri bizə yaşatdığınıza görə bir daha Sizə və rəşadətli Ordumuza təşəkkür edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, valideynlərinə "Allah səbr versin" deyirəm, yaralı əsgərlərimizə isə tezliklə sağalmalarını arzu edirəm.
Qarabağ Azərbaycandır! Yaşasın bütöv Azərbaycan!"
XXX
Raqif Tağıyevdən, Göygöl, Azərbaycan
"Hörmətli cənab Prezident.
200 illik tariximizdə işğal olunan torpaqlarımız geri alınmayıb. Kəlbəcər rayonunun alınması mənə yuxu kimi gəlirdi. Siz bu yuxunu reallığa çevirdiniz. Buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Bundan sonra ölkəmizin və xalqımızın tarixində yeni dövr başlayır. Artıq biz məcburi köçkün deyilik, tezliklə öz evimizə dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Qazandığınız zəfərlə Azərbaycan xalqının başını uca etdiniz, məğrur və yenilməz xalq olduğunu bütün dünyaya sübut etdiniz. Allah Sizi həmişə uca etsin! Var olun, cənab Prezident!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!"
2-12-2020, 17:09 | Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.
Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili və xarici siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, sıx birliyinin və ədalətin təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızın - ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.
Sizin Ali Baş Komandan kimi yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində rəşadətli Ordumuz Azərbaycanın əzəli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.
Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.
Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.
Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.
Bu Qələbə bizə igid döyüşçülərimizin, Qarabağ torpağında sülh naminə, ədalətin təntənəsi naminə canlarından keçmiş şəhidlərin qanı bahasına başa gəlib. Bununla əlaqədar, həlak olanların ailələrinə səmimi-qəlbdən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.
Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin və Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda görüləsi işlər çoxdur. Biz - Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan və diqqətlə izləyirik, Rusiyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.
Qələbə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, firavanlıq və tərəqqi arzu edirik.
Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!".




















