13-02-2024, 06:18 | Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsi II Albertə təqdim edib

Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib.
Səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin salamlarını Şahzadə II Albertə çatdırıb. Həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb.
Görüşdə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Monako Şahzadəsi II Albert səmimi salamlarını, dostluq münasibətini və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, iki ölkə arasında əlaqələrin inkişafının intensivləşdirilməsində maraqlı olduğunu söyləyib.
AZƏRTAC
13-02-2024, 05:57 | Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.
bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Qapqara" verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb.
Kamranın "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə "dayı" ola bilmədi" sözlərinə Mehriban belə münasibət bildirib:
"Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var!?"
13-02-2024, 05:49 | Avropa Şurasının Baş katibi İlham Əliyevi təbrik etdi

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Prezident.
Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".
AZƏRTAC
12-02-2024, 11:41 | Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
12-02-2024, 11:39 | Prezident seçkilərinin yekunlarına dair iclas keçiriləcək

Fevralın 13-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-ü saat 11:00-a təyin edilib.
12-02-2024, 11:07 | Netanyahu Fələstinlə sülhün nə zaman baş tutacağını açıqladı

"Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək".
oxu.az-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır", - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.
12-02-2024, 11:00 | Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.
Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
9-02-2024, 09:27 | Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.
1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.
Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti var. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.
Dövlət başçısı İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə dövlət başçısı qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib.
Ölkə başçısı tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" və 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
8-02-2024, 09:16 | Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycandan Türkiyə, İran, Belarus, Moldova, Rusiya, Ukraynaya və bu sistemə daxil olan digər ölkələrə gedən Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib.
Belə ki, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 15 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 ay aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq sığorta haqqı 35 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq sığorta haqqı 60 manat, 6 aylıq sığorta haqqı 80 manat, 12 aylıq sığorta haqqı 150 manat müəyyən edilib.
Bundan başqa, yeni qərarla texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq sığorta haqqı 45 manat, 6 aylıq sığorta haqqı 75 manat, 12 aylıq sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 20 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq sığorta haqqı 110 manat, 6 aylıq sığorta haqqı 180 manat, 12 aylıq sığorta haqqı 250 manat müəyyən edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
8-02-2024, 09:13 | Uşaqlar telefondan istifadəni “ana bətnində öyrənir”..

Telefona aludəçiliyin fəsadları yaxın illərdə üzə çıxacaq
Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir. Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.
“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, - psixoloq vurğulayıb. Valideynlər unutmamalıdır ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.
“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz. “Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır. İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, - deyə Savkova tövsiyə edib.
Cavab belə səslənə bilər: “Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”. Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.
Mütəxəssislər bildirir ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq. Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadır. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.
İngilis mütəxəssislər 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.
Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.
Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.
Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.
Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya, eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.
Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.
Mobil telefonların uşaqlara təsiri MR görüntüləri ilə sübut olunub. Telefon danışıqlarının uşaqlarda korteksə daha çox təsir etdiyi araşdırılmışdır. Yəni mobil telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox təsir edir. Çünki o yaşda uşaqların şəxsiyyətinin formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu müəyyənləşməmişdir. Ancaq kiçik yaşlarda uşaqlarda elektromaqnetik zonaların həssaslığı daha çox olur. Buna görə kiçik məktəblilərə mobil telefonların alınması məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə alsaq, lazım olmadıqda uşaqlara telefon alınmamalıdır. Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin bundan uzun müddət istifadəsinin nəticələrini hələ bilmirik. Əgər bu, çox vacib olarsa, uşağa, sadəcə, mesaj şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun fiziki və mənəvi ziyanlarını düşünsək, kiçik məktəbli uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr cəza və mükafat sistemində də cib telefonundan istifadə edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun istifadə edilərsə, (məsələn, dərs saatlarının çıxış saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar çərçivəsində istifadəsinə icazə verilməlidir.
Ağlayaraq istəyən uşağa əsla cib telefonu alınmamalıdır. Bu zaman uşağa “bizim pulumuz yoxdur onu almağa” deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun haqqı olduğunu və valideynlərin telefonu ala bilməyəcəyini düşünürlər. Amma doğrusu, bunu uşağa izah etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və sözündə durmalıdır.
Amma uşaqların teıefondan istifadə müddəti ilə bağlı mütəxəssis məsləhətləri də var. Azyaşlıların telefonlardan istifadəsi zamanı valideynlər müəyyən nüanslara diqqət etməlidir. 3 yaşa qədər uşaqlar 4 saat fasilə ilə gündə 30 dəqiqə, 7-8 yaşa qədər uşaqlar isə gündə 3 dəfə 1 saat olmaqla telefondan istifadə edə bilər. 10 yaşa qədər uşaqların texnoloji vasitələrdən həddindən artıq istifadəsi daha ciddi fəsadlara gətirib çıxara bilər. Bununla bağlı uşaq bağçası, məktəblərdə xüsusi təlimlərə ehtiyac var, uşaqlar elə kiçik yaşlarından bu barədə savadlanmalı, özləri də dərk etməlidirlər. Ən yaxşı yol isə valideynlərin uşaqları ilə daha çox praktik vaxt keçirmələridir.
musavat.com


















