29-12-2023, 06:18 | 2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək?

Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn il də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Respublica.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq, Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək.
Sənəddən göründüyü kimi, gələn il də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deyə o bildirib.
Respublica.Az
29-12-2023, 06:08 | ATƏT-in seçkiləri izləyəcək müşahidəçilərinin sayı...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.
Respublica.Az report-a istinadən xəbər verir ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.
Ətraflı
ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.
Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.
Respublica.Az
29-12-2023, 05:58 | Daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Respublica.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
173A və 173B nömərli avtobuslar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər.
"Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir", - AYNA bəyan edib.
Respublica.Az
29-12-2023, 05:50 | Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!

Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" Rusiya vətəndaşlarını təcili olaraq vəsaitlərini birjadan çıxarmağa çağırıb.
Respublica.Az musavat.com-a istinadən xəbər verir ki, şirkət Rusiya müştərilərinə tezliklə rubl əməliyyatlarını dəstəkləməyi dayandıracağına dair xatırlatmalar göndərib. İstifadəçilərə 29 dekabr 2023-cü il tarixinə qədər vəsaitlərini çıxarmaq tövsiyə olunub - cümə günündən etibarən birjada açıq mövqelər bağlanmağa başlayacaq. Şirkət qeyd edib ki, vəsaitlər məhdudiyyətsiz şəkildə CommEX birjasına və ya hər hansı digər kripto platformasına köçürülə bilər.
"Binance" nümayəndələri xəbərdarlıq ediblər ki, platforma 31 yanvar 2024-cü ildən etibarən Rusiya rublu ilə əməliyyatları dəstəkləməyi dayandıracaq. Kriptovalyuta birjası öz p2p platformasında rublu dəstəkləməyi dayandıracaq və onu ticarət cütlüklərinə daxil etməyəcək. Bununla belə, istifadəçilər hələ də CommEX platformasında rus valyutası ilə əməliyyatlar etmək imkanına malik olacaqlar - onlar "Binance" hesablarını platforma hesabına birləşdirərək rubl aktivlərini köçürə bilərlər: "Bundan əlavə, istifadəçilər 31 yanvar 2024-cü il saat 0:00-a (UTC) qədər Binance fiat partnyorları vasitəsilə rus rubllarını çıxara, konversiya alətindən istifadə edərək rus rublunu kriptovalyutaya çevirə və ya Binance spot bazarında rus rublunu kriptovalyutaya dəyişə bilərlər".
2023-cü ilin sentyabrında Binance Rusiyadan tamamilə çıxdığını və biznesini CommEX-ə satdığını elan etdi. Birjanın baş uyğunluq mütəxəssisi Noah Perlmanın sözlərinə görə, ölkədə fəaliyyət göstərmək "Binance"in "uyğunluq strategiyası" ilə ziddiyyət təşkil edir. 26 avqust 2023-cü il tarixindən kriptovalyuta birjası ruslara rubldan başqa hər hansı valyuta əməliyyatı aparmağı qadağan edbi və noyabrın 15-dən rubl əmanətlərini dəstəkləməyi dayandırıb.
Respublica.Az
28-12-2023, 15:39 | Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.
"26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" keçirilib", - o qeyd edib.
"Regional və qlobal sülhə dəstək çərçivəsində "İki dövlət, bir millət" anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir", - Z.Aktürk əlavə edib.
Respublica.Az
28-12-2023, 06:39 | Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə

İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail baş nazirinin Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində deyib.
Ətraflı
"İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur", - F.Altun bildirib.
Respublica.Az
28-12-2023, 06:38 | Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.
Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.
Respublica.Az
28-12-2023, 06:21 | Azərbaycanlı diplomatların Fransa tərəfindən "persona non grata" elan olunması ucuz qisasçılıqdır

Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən "persona non grata" elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt üzrə digər hər hansı izahat yolverilməzdir.
Respublica.Az xəbər verir ki, bunu report.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Sirr deyil ki, Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çökdürülməsi, Parisin 30 illik işğal, təcavüz və separatizmə dəstəyi fonunda regionda etimadı itirməsi, habelə Bakının Fransanın qəbul etmək istəmədiyi reallıqları daha da gücləndirməsi fonunda Fransa özünün başladığı "soyuq müharibə"də Bakıya rüsvayçı formada məğlub olub", - deputat bildirib.
B.Məhərrəmov qeyd edib ki, Vətən müharibəsində və antiterror tədbirlərində hərb meydanında itirilən mövqelərin ardınca istər BMT Təhlükəsizlik Şurası, istər digər platformalarda fiaskosundan sonra da çirkin əməllərindən əl çəkməyən Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı məhz bu çərçivədə fəaliyyətə, daha dəqiqi, diplomatik statusa uyğun olmayan və "Diplomatik Əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən "persona non grata" elan edilərək ölkədən qovulub:
"Həmin diplomatlarla bağlı Azərbaycanın əlində Azərbaycan xalqının mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var idi. Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan car çəkərdi. Bu mənada, Fransanın cari həmləsi cavab xatirinə atılan ucuz addımdır və Parisin beynəlxalq hüquqla daban-dabana zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir. Biz, təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasibətlərin bu həddə çatması bizim seçimimiz deyil. Afrika və Okeaniyadakı mövqelərini itirmək üzrə olan, Cənubi Qafqazda isə artıq maraqlarını, ümumiyyətlə, təmin etmək imkanından məhrum qalan Paris Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə varmalı, Bakı ilə ritorikasında çox diqqətli olmalıdır. Makron rejimi anlamalıdır ki, qarşısında sülh vasitəçiliyi adı altında illərlə riyakarcasına davrandığı 90-cı illərin zəif Azərbaycanı yox, bölgədə diqtə edən, əməkdaşlığı hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin normallaşması Bakıdan çox çürük fransız rejiminin özünə lazımdır".
Respublica.Az
27-12-2023, 05:12 | “Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”

Kəskin respirator virus infeksiyalarına yoluxma daha çox 5 yaşa qədər uşaqların payına düşür.
Respublica.Az "report"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.
O bildirib ki, kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir: "Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur".
G.Əliyeva bildirib ki, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir: "Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər".
Respublica.Az
26-12-2023, 09:36 | İşləməyənlər pensiya ala bilməyəcəklər? - AÇIQLAMA

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.
Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.
Bəs, rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?
Respublica.Az xəbər verir ki, hüquqşünas Sahib Məmmədov baku.tv-yə bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:
"2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur".
Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.
Respublica.Az


















