29-12-2023, 06:27 | Direktor: "Hazırda Laçında pediatr və terapevtlərə ehtiyac var"

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl hazırda Laçında pediatr və terapevt həkimlərə ehtiyac olduğunu bildirib.
Respublica.Az xəbər verir ki, o, report.az-a açıqlamasında deyib ki, hazırda Laçın rayonunda daimi 4 həkim, 5 orta tibb işçisi fəaliyyət göstərir, digərləri isə rayona ezam olunanlardır.
"Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil", - O.Cəbrayıl qeyd edib.
Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir: "Xəstəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq".
Respublica.Az
29-12-2023, 06:22 | Quru öskürəyin evdə müalicəsi - Hazırlanma qaydası ilə

Qış mövsümü başlayıb. Mövsümlə əlaqədar bəzi xəstəliklərdə artımlar olur. Bu artışlardan biri də üst tənəffüs yolu xəstəlikləri və alt tənəffüs yolu xəstəlikləridir. Quru öskürək kimi tandığımız bu xəstəliklərin təbii üsulla bir çox müalicəsi var.
Respublica.Az sağlamolun.az-a istinadən hücumları aradan qaldıran və nəfəs almağı asanlaşdıran reseptlərdən birini təqdim edir:
Tərkibi:
1 xörək qaşığı quru kəklikotu.
1 stəkan su.
Hazırlanması:
Kəklikotunun üzərinə qaynar su tökün. İsti bir dəsmal ilə sarıb, 1 saat buraxın.
Gündə 3 dəfə 2 çay qaşığı qəbul edin. Kurs 8-10 gündür.
Bu vasitə bakterisid və yüngül bəlğəmgətirici təsirə malikdir.
Quru öskürəyin hücumlarını əhəmiyyətli dərəcədə zəiflədir və sakitləşdirir.
Respublica.Az
29-12-2023, 06:21 | Leyla Əliyeva "Ürəkdən-ürəyə" konsert proqramında iştirak etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin "Ürəkdən-ürəyə" adlı konserti keçirilib.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.
ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.
Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.
Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.
Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.
Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.
Respublica.Az
29-12-2023, 06:18 | 2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək?

Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn il də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Respublica.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq, Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək.
Sənəddən göründüyü kimi, gələn il də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deyə o bildirib.
Respublica.Az
29-12-2023, 06:08 | ATƏT-in seçkiləri izləyəcək müşahidəçilərinin sayı...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.
Respublica.Az report-a istinadən xəbər verir ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.
Ətraflı
ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.
Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.
Respublica.Az
29-12-2023, 05:58 | Daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Respublica.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
173A və 173B nömərli avtobuslar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər.
"Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir", - AYNA bəyan edib.
Respublica.Az
29-12-2023, 05:50 | Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!

Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" Rusiya vətəndaşlarını təcili olaraq vəsaitlərini birjadan çıxarmağa çağırıb.
Respublica.Az musavat.com-a istinadən xəbər verir ki, şirkət Rusiya müştərilərinə tezliklə rubl əməliyyatlarını dəstəkləməyi dayandıracağına dair xatırlatmalar göndərib. İstifadəçilərə 29 dekabr 2023-cü il tarixinə qədər vəsaitlərini çıxarmaq tövsiyə olunub - cümə günündən etibarən birjada açıq mövqelər bağlanmağa başlayacaq. Şirkət qeyd edib ki, vəsaitlər məhdudiyyətsiz şəkildə CommEX birjasına və ya hər hansı digər kripto platformasına köçürülə bilər.
"Binance" nümayəndələri xəbərdarlıq ediblər ki, platforma 31 yanvar 2024-cü ildən etibarən Rusiya rublu ilə əməliyyatları dəstəkləməyi dayandıracaq. Kriptovalyuta birjası öz p2p platformasında rublu dəstəkləməyi dayandıracaq və onu ticarət cütlüklərinə daxil etməyəcək. Bununla belə, istifadəçilər hələ də CommEX platformasında rus valyutası ilə əməliyyatlar etmək imkanına malik olacaqlar - onlar "Binance" hesablarını platforma hesabına birləşdirərək rubl aktivlərini köçürə bilərlər: "Bundan əlavə, istifadəçilər 31 yanvar 2024-cü il saat 0:00-a (UTC) qədər Binance fiat partnyorları vasitəsilə rus rubllarını çıxara, konversiya alətindən istifadə edərək rus rublunu kriptovalyutaya çevirə və ya Binance spot bazarında rus rublunu kriptovalyutaya dəyişə bilərlər".
2023-cü ilin sentyabrında Binance Rusiyadan tamamilə çıxdığını və biznesini CommEX-ə satdığını elan etdi. Birjanın baş uyğunluq mütəxəssisi Noah Perlmanın sözlərinə görə, ölkədə fəaliyyət göstərmək "Binance"in "uyğunluq strategiyası" ilə ziddiyyət təşkil edir. 26 avqust 2023-cü il tarixindən kriptovalyuta birjası ruslara rubldan başqa hər hansı valyuta əməliyyatı aparmağı qadağan edbi və noyabrın 15-dən rubl əmanətlərini dəstəkləməyi dayandırıb.
Respublica.Az
28-12-2023, 15:39 | Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.
"26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" keçirilib", - o qeyd edib.
"Regional və qlobal sülhə dəstək çərçivəsində "İki dövlət, bir millət" anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir", - Z.Aktürk əlavə edib.
Respublica.Az
28-12-2023, 06:39 | Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə

İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail baş nazirinin Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində deyib.
Ətraflı
"İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur", - F.Altun bildirib.
Respublica.Az
28-12-2023, 06:38 | Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.
Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.
Respublica.Az















