23-12-2023, 09:28 | QAİ: Fransada Azərbaycanofobiya absurd səviyyəyə çatıb

"Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir".
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
"Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır.
Ətraflı
İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı "ortaq dəyərlər"ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya "erməni irsini dağıtmaq"da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir.
Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır", - bəyanatda vurğulanıb.//milli.az/
Respublica.Az
23-12-2023, 09:23 | Həmid Pənahov işdən çıxarıldı

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru tutduğu vəzifədən azad edilib.
Respublica.Az xəbər verir ki, mərkəzin direktoru Həmid Pənahov tutduğu vəzifədən azad olunub.
O, yaş həddinə görə işdən çıxarılıb.
Respublica.Az
22-12-2023, 14:34 | Yeni il hədiyyə qutularını seçərkən diqqətli olun!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularını seçərkən diqqət olmağa çağırıb.
AQTA-dan "milli.az"a verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür:
"Belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.
Sadalananlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir".
Qeyd edilib ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir:
"Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər.
Sadalananlardan çıxış edərək vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə məlumat versinlər".
Respublica.Az
22-12-2023, 13:30 | "AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir"

Azərbaycan Yazıçılar Birliyi (AYB) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında bildirib.
Onun sözlərinə görə, yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm hadisələrlə yadda qalacaq: "Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatını yaşadan AYB olub. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk".
Respublica.Az
22-12-2023, 09:38 | Həlak olan azərbaycanlı polislərin övladları üçün səfər təşkil edildi

Belarusun daxili işlər naziri İvan Kubrakov xidmət vəzifələrini yerinə yetirərkən həlak olan azərbaycanlı polislərin övladları ilə görüşüb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, görüş Minsk şəhər meriyasında baş tutub. Polis əməkdaşlarının uşaqlar üçün təşkil etdiyi bir sıra maraqlı tədbirlərdə bu görüş ən yaddaqalanlardan birinə çevrildi. Görüş maarifləndirici ekskursiya ilə başladı. Bu ekskursiya zamanı uşaqlar Minsk və Belarusun tarixi şəxsiyyətləri haqqında çoxlu maraqlı faktlar öyrəndilər.
Gənc qonaqları salamlayan İvan Kubrakov Daxili İşlər Nazirliyinin əməkdaşlarının onlar üçün zəngin proqram hazırladıqlarını, Belarusun qonaqpərvərliyini, çoxsaylı görməli yerlərini nümayiş etdirməyə çalışdıqlarını qeyd etdi.
"Azərbaycan qəhrəmanlarının övladlarının respublikamıza göndərilməsi qərarından çox məmnunam. Uşaqlar, siz də bizim övladlarımızsınız. Hər iki ölkənin Daxili İşlər Nazirliyi əməkdaşlarına və onların ailə üzvlərinə dəyər verir, bilirlər ki, polis əməkdaşları öz yaxınları naminə və onların dəstəyi sayəsində ləyaqətlə xidmət edirlər", - deyə nazir bildirib.
O, uşaqlara dərslərində uğurlar, dost ölkədən olan həmkarlarına isə Vətənə sağ-salamat qayıtmalarını arzulayıb. Belarus Daxili İşlər Nazirliyinin rəhbəri belə qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Görüş konsert proqramı və uşaqlara yaddaqalan hədiyyələrin təqdim olunması ilə başa çatıb.
Respublica.Az
22-12-2023, 09:36 | Zabuxa növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.
Respublica.Az
20-12-2023, 18:44 | Hesablama Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində aşkarladığı nöqsanları açıqladı

Hesablama Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində aşkarladığı nöqsanları açıqlayıb.
Qurumdan milli.az-a bildirilib ki, audit Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də, kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb, 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan dövrü əhatə edib.
Vurğulanıb ki, auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm", "Salnamə" və "Filming Azerbaijan" studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunub, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmayəb və icra edilməyib. Auditlə ümumilikdə 10,7 mln. manat vəsaiti əhatə edilib:
"Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi audit eyni predmet məsələləri əhatə edib, cari auditlə ötən nəzarət tədbirinin nəticələri üzrə tədbirlərin həyata keçirilmədiyi və nöqsanların aradan qaldırılmadığı müəyyən olunub. Belə ki, kinematoqrafiya sahəsində hüquqi aktların təkmilləşdirilməməsi ötən dövr ərzində də dövlət sifarişinin əhatə dairəsinin və filmlərin bu dairəyə uyğunluğunun qiymətləndirilməsi, həmçinin müsabiqələrin ədalətlilik və şəffaflıq prinsiplərinə uyğun keçirilməsi imkanlarını məhdudlaşdırıb.
Əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olub, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilib.
Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunub, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib.
2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmamış, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.
Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib".
Qeyd edilib ki, seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb:
"Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin, film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.
Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.
Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.
Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərib.
Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilib, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməyib ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin, bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub".
Qurumdan verilən məlumnata görə, nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olub, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb:
"Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmamış, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olub.
Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.
Dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin, filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb.
Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olmuş, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Nazirliyin tabeliyində olan "Nizami" Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilmiş və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunub.
Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməyib, 5 film isə müxtəlif festivallarda iştirak edərək 1 və ya daha çox mükafata layiq görülüb.
Ötən auditdə olduğu kimi, cari auditlə də müəllif qonorarları və sair ödənişləri tənzimləyən hüquqi aktların uzun illər əvvəl qəbul olunması və yenilənməməsinin bir sıra artıq və düzgün olmayan ödənişlərə səbəb olduğu müəyyənləşdirilib. Eləcə də, bu aktlarda yaradıcı heyət üzrə tərkibin konkret müəyyənləşdirilməməsi digər köməkçi heyət kimi ayrı-ayrı şəxslərlə müqavilələrin bağlanmasına da şərait yaradıb ki, nəticədə dövlət vəsaitlərinin təyinatı üzrə və düzgün istifadəsində risklər formalaşıb.
Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.
Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnib, eləcə də film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırıb.
Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olub, bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməyib və hesabatlılıqda nöqsanlara yol verilib, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb".
Əlavə olunub ki, qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınıb, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Respublica.Az
20-12-2023, 18:23 | Əli Əsədov Cevdet Yılmazla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib.
Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidənqurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir - 33%.
Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Mövcud olan geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminlik ifadə olunub.
Bu baxımdan, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş son iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimizin birgə səyləri nəticəsində icra edilib.
Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.
İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib.
Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb.
Cənub Qaz Dəhlizinin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyənin bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Prezidentinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfindən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb.
Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.
Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.
Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Respublica.Az
20-12-2023, 18:20 | Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...

Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.
SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.
Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.
Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:
"Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik".
Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:
"Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam".
Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır - deyə Vahid Əhmədov əlavə edib.
Respublica.Az
20-12-2023, 18:18 | Teleqramda saxta səhifələr yaradılıb - Xəbərdarlıq

Teleqram ani mesajlaşma tətbiqində "PashaPay" şirkətinin məhsulu olan "m10"a aid saxta səhifələr yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək həvəsləndirici hədiyyə vədləri təklif edirlər.
Respublica.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Respublica.Az


















