25-12-2023, 06:06 | Ceyhun Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”

"Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil".
Respublica.Az report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "AzTV"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır.
"Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır".
Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:
"Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.
Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır".
Respublica.Az
24-12-2023, 17:49 | Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Respublica.Az
24-12-2023, 17:42 | Ağdamda dördüncü yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Qeyd edildi ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.
Dövlətimizin başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoydu.
Respublica.Az
24-12-2023, 17:40 | Ağdamda beşinci yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.
Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoydu.
Respublica.Az
24-12-2023, 17:38 | Prezident və birinci xanım "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
"AzərEnerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində "AzərEnerji" tərəfindən 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası inşa edilib. "Ağdam" qovşaq yarımstansiyasına "Ağdam-1" yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.
Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, "Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda "Ağdam" qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq "Şuşa" və "Füzuli" yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da "Ağdam" qovşaq yarımstansiyasından təmin ediləcək.
"Ağdam" qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və "AzərEnerji"nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.
Dövlətimizin başçısı "Ağdam" qovşaq yarımstansiyasını işə saldı.
Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "AzərEnerji"nin yeni tikilən 110/35/10 kV-luq "Ağdam-1" yarımstansiyası və onun yaxınlığında tikilən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.
Respublica.Az
24-12-2023, 15:57 | Bu məhsul Yeni il gəlməmiş KƏSKİN BAHALAŞDI - VİDEO

Yeni il bayramı yaxınlaşdıqca bazarlarda hinduşkaya təlabat artır.
Respublica.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, tələb artsa da qiymətlər dəyişməyib.
Satıcılar bildirir ki, ən çox alınan dişi hinduşkalardır.
Hinduşka alarkən bir iki məqama xüsusi diqqət etmək lazımdır.
Respublica.Az
Daha ətraflı videomaterialı təqdim edirik:
24-12-2023, 14:43 | Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
Azərbaycanın Müdafiə Nazirliyindən milli.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.
Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Respublica.Az
24-12-2023, 13:50 | UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin Hacəttəpə Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də işgüzar səfərdə olub.
Türkiyəli nümayəndə heyəti öncə rektor, professor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət ediblər.
Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Görüşdə Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr olunub. Eyni zamanda UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin (TÜRKUNİB) Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb. Rektor Prof.Dr. Mehmet Cahit Güran Hacəttəpə Universitetinin TÜRKUNİB-ə üzv olmasının nəzərdə tutulduğunu bildirib.
Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.
Respublica.Az
24-12-2023, 13:39 | "Azərbaycanın bölgədə sabitliyə və inkişafa töhfəsini yüksək dəyərləndiririk"

Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər GUAM-ın Baş katibi Altay Əfəndiyevin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrikində yer alıb.
Təbrikdə deyilir:
"Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbirə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir.
Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı.
Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir.
Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın 30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir.
Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.
Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq.
Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq".
Respublica.Az
24-12-2023, 13:30 | "Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha geniş miqyasda tanıtdı"

İlham Əliyev qüdrətli Prezident, xalqın sevgisini qazanan lider və vətənini, xalqını sevən böyük azərbaycanlıdır. Bu illər ərzində də Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallaşdırmağa davam edir.
Respublica.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, güclü lider insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal, ümumi ideya, prinsip və məqsədlər ətrafında birləşdirir və düzgün hədəflərə çatdırır.
"Azərbaycan Prezidenti bütün seçkilərdə, başqa rəqabət meydanlarında həmişə öz opponentlərindən güclü olub. Bu da təbii və məntiqlidir. dövlətimizin başçısı öz gücünü Azərbaycan xalqından alır. Dünyamızda tez-tez yaşanan iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və başqa qlobal çağırışlara rəğmən Prezidentimizin nümayiş etdirdiyi yüksək qətiyyət, peşəkarlıq və xalqın dəstəyinə arxalanan siyasət Azərbaycan dövlətinin son onilliklərdəki uğurlarının əsas səbəbidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu məsuliy-yətlə, sədaqətlə, sevgilərlə davam etdirir. Azərbaycanın siyasi nüfuzu daha da artır. Bu, öz təsirini iqtisadi münasibətlərdə də göstərir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin başladığı beynəlxalq iqtisadi əlaqələr sistemi həm mahiyyət baxımından genişləndirilir, həm də forma baxımından. Dünyanın aparıcı dövlətləri Azərbaycanla daha intensiv əlaqələri möhkəmlətməyə indi də maraqlıdır.
Bu dönməz siyasi kursa görə gənclərin potensialından səmərəli istifadə olunur, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillər bu siyasətlə üzvi şəkildə səsləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər gənclərin potensia-lının gerçəkləşməsini, onların vətənpərvər, savadlı kadr kimi formalaşmasını, gənc ailələrin sosial təminatını əhatələyir.
Azərbaycan Prezidenti ölkəmizdə milli vəhdəti daha da gücləndirib. Cəmiyyətimizə yeni siyasi mədəniyyət gətirib. Siyasi baxışlar arasındakı ziddiyyətlərin faydalı dialoq, sağlam diskussiya məcrasına yönəlməsi üçün münbit şərait formalaşdırıb", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində bu nəslin gücü ilə torpaqlarımızı düşməndən təmizlədi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın itirilmiş torpaqlarının böyük bir hissəsini düşməndən geri almağa nail oldu. Dünya güclərinin öz məkrli oyunlarını oynamaqdan ötrü 2 əsrdir regionda başımızın bəlasına çevirdikləri erməni layihəsini iflasa uğratdı.
"Elə ölkəmizi son onilliklərdə ən böyük nailiyyətlərinə yetirən, tarixin ən güclü Azərbaycanını yaradan əsas amil də hər bir addımın yerində, öz vaxtında-vədəsində atılması və inkişaf proseslərinin ardıcıllığının təmin olunmasıdır. Məhz bunun sayəsində respublikamız son on illərdə əsrlərin sosial-iqtisadi uğurlarını qazanıb. Dünyanın inkişaf mərkəzlərindən birinə çevrilib. Planetimizin əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri statusunu qazanıb. Bu gün regionla bağlı bütün məsələlərdə Azərbaycanın rəyi, mövqeyi nəzərə alınır. Dövlətimizin beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları getdikcə artır. Azərbaycan dövləti dünyanın ən qüdrətli ordularından birinə sahibdir. Vətən müharibəsindəki qələbəmizin ardınca Azərbaycan dövləti öz maddi imkanları hesabına Qarabağı, Şərqi Zəngəzuru yenidən dirçəldir, bu torpaqları cənnətə çevirir. Dövlətimizin sosial-iqtisadi nailiyyətləri Azərbaycan insanlarının həyat səviyyəsini yüksəldir, sosial rifahını daha da yaxşılaşdırır.
Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan dövlətinə, xalqına qazandırdığı nailiyyətlərdir", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikri Azərbaycanda insan amilinə verilən dəyərin fəlsəfi mahiyyətinin siyasi-sosial düsturudur.
"İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsə-dilə qəbul edilən qanun layihələri, imzalanan fərman və sərəncamlar Azərbaycanda "dünyanın əşrəfi" olan insana verilən yüksək mənəvi dəyərin təcəssümüdür...
Ümummilli lider Heydər Əliyev memarı olduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha geniş miqyasda tanıtdı, ona böyük siyasi ehtiramlar qazandırdı...", - deyə A.Qarayev əlavə edib.
Respublica.Az















