20-12-2023, 18:23 | Əli Əsədov Cevdet Yılmazla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib.
Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidənqurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir - 33%.
Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Mövcud olan geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminlik ifadə olunub.
Bu baxımdan, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş son iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimizin birgə səyləri nəticəsində icra edilib.
Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.
İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib.
Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb.
Cənub Qaz Dəhlizinin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyənin bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Prezidentinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfindən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb.
Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.
Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.
Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Respublica.Az
20-12-2023, 18:20 | Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...

Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.
SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.
Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.
Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:
"Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik".
Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:
"Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam".
Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır - deyə Vahid Əhmədov əlavə edib.
Respublica.Az
20-12-2023, 18:18 | Teleqramda saxta səhifələr yaradılıb - Xəbərdarlıq

Teleqram ani mesajlaşma tətbiqində "PashaPay" şirkətinin məhsulu olan "m10"a aid saxta səhifələr yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək həvəsləndirici hədiyyə vədləri təklif edirlər.
Respublica.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Respublica.Az
20-12-2023, 17:57 | TƏBİB rəhbərindən qızılca ilə bağlı çağırış

"Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər".
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, onlar stasionar müalicəyə cəlb olunacaqlar: "Bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir. Xəstəxanalarda heç bir sıxıntı yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər".
V.Qurbanov əlavə edib ki, sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər: "Bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər".
Respublica.Az
20-12-2023, 17:52 | Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı

Azad edilmiş ərazilərdə təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.
Respublica.Az Trend-ə istinadən məlumatına göröə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
"Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir", - deyə MSK sədri əlavə edib.
Respublica.Az
20-12-2023, 17:49 | Azərbaycanda ana və uşaq ölümlərinin sayı azaldı

"Əgər ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, 1 yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 və 959 olub".
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik hesabat tədbirində çıxışı zamanı bildirib.
"Ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə komissiyalar yaradılıb. Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub", - V. Qurbanov qeyd edib.
Respublica.Az
20-12-2023, 17:46 | Bu şəxslərin adı seçici siyahısından çıxarıldı

"Cari ilin dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb və MSK-ya təqdim edilib".
Respublica.Az APA-ya istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Musayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Ətraflı
Nazir müavini bildirib ki, eyni zamanda səsvermə gününədək səsvermə hüququ yaranacaq 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb.
Respublica.Az
20-12-2023, 17:42 | AHİK bəyanat qəbul edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul ediblər.
Respublica.Az Trend-ə istinadən bildirir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub və İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in Bəyanatı oxunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Respublica.Az
20-12-2023, 17:41 | Xankəndidə səs verəcək seçicilərin sayı AÇIQLANDI

Xankəndidə təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.
Respublica.AzTrend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
"Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir", - deyə o əlavə edib.
Respublica.Az
20-12-2023, 10:47 | Yeniyetmələr arasında stolüstü tennis yarışı keçirib

Bu gün dövlət səviyyəsində gənclərə göstərilən diqqət, eyni zamanda idmana və idmançılarımıza yaradılan şərait, bu sahəyə verilən qiymət gələcək üçün müsbət stimul verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə verilən dəyər, həm onlarda, həm də idmançılarımızda əlavə ruh yüksəkliyi yaradır.
Artıq uzun müəddətdir BrendSport.az saytı tərəfdaş şirkətlərlə birlikdə xeyirxah missiyalı bir neçə layihələr həyata keçirir. Buna misal olaraq “İlhamlı Qələbələr” adlı uzun marafonlu festivalı, 44 günlük Vətən müharibəsində ordumuza, eyni zamanda maddi imkanı məhdud olan ailələrə göstərilən dəstəyi göstərmək olar. Ötən illərdə “İlhamlı Qələbələr” adlı festival çərçivəsində uzun bir yol qət etdik və bu tədbiri xeyirxah insanların köməkliyi ilə müvəffəqiyyətlə başa vudruq. Ümidvarıq ki, bu silsilədən olan tədbirlərimiz bundan sonra da davam edəcək.

Bu il isə - “Heydər Əliyev İli”ndə bu xüsusda qarşımıza müəyyən məqsədlər qoymuşduq. Onları da həyata keçirmək üçün xeyirxah missiyamızı dostlarımızla birlikdə uğurla davam etdirməyə çalışdıq.
Bu günlərdə də BrendSport.az saytı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər idman məktəbinin dəstəyi ilə və tərəfdaş şirkətlərlə birlikdə
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə yeniyetmələr arasında stolüstü tennis yarışı keçirib.
Yarışın baş sponsoru "SOEL" parfum, xüsusi sponsoru "OBA" marketlər şəbəkəsi, sponsorları isə "Natural halı Outlet" (Babək prospektində yerləşir), "SİRAB" suları, "Berg Tea", "CƏNGİ" idman klubu "Berqa Çay" və “Scallezioni” İtaliya geyimləri (Azadlıq prospektində yerləşir) olmuşdur.
84 idmançının qatıldığı yarışın açılışında Ulu Öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra söz layihənin rəhbəri Bəhruz Səmədova verilib.
Bəhruz Səmədov son illərdə dövlətimizin idman sahəsində uğurlarından və müasir Azərbaycaının qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında danışıb.
Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən başladılan uğurlu siyasət bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirir.
B.Səmədov bu il “Heydər Əliyev İli”nin dövlətimiz və millətimiz üçün həm idmanda, həm də dünya siyasətində ötən illərdən daha da uğurlu il olduğunu qeyd edib.
Layihə rəhbəri onu da vurğulayıb ki, bu gün əldə olunan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Qazanılan bütün nailiyyətlərə görə, prezident cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Sonra sözü 44 günlük Vətən müharibəsi iştirakçısı, tədbirdə qonaq kimi iştirak edən Huseyn Həsənova verilib. O da öz növbəsində şəhidlərimizə rəhmət diləyərək, bütün idmançılara uğurlar arzulayıb.
Dövlət himni səsləndirilib və yarış açıq elan olunub.
Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib.
İki gün davam edən və gərginliyi ilə yadda qalan turnirin sonunda qaliblər müəyyənləşib.
Xatırladaq ki, yarış iki yaş qrupunda keçirilib. Yeniyetmələr və daha kiçik yaşlı idmançılar qalıb kürsüsünə yer almaq üçün mübarizə aparıblar.

Oğlanlar arasında 1-ci yeri Məhəmmədəli Səmədzadə, 2-ci yeri Əbülfəz Kəlbiyev, 3-ci yerləri Hüseyn Kəlbiyev və Hüseyn Əliyev tutublar.
Qızlar arasında isə 1-ci yeri Nuray Feyzullayev, 2-ci yeri Zəhra Rəhimova, 3-cü yeri isə Münəvvər Feyzullayeva və Məryəm Heybətova tutublar.
8-10 yaşlı oğlanlarin yarısında 1-ci yeri Əbülfəz Kəlbiyev, 2-ci yeri Qasım Əliyev, 3-cü yeri isə Şəfi Sadiq qazanıblar.
6-8 yaşlı tennisçi qizlar arasında 1-ci yeri Leyla Əliyeva, 2-ci yeri Nərminə Behbudzadə, 3-cü yeri isə Gulzar Kazımlı tutmuşlar.
Tədbirin ən fəal qız stolüstü tennisçiləri Nərmin Kazımlı, Emiliya Behbudzadə, Mənsumə Sadiqli və Məlahət Şirəlizadə, oğlan tennisçilər isə Həsənəli Babayev, Fərhad Əzizli, Rəvan Səfərli, Sadiq Əlizadə olublar.

Xatırladaq ki, yarışın açılış mərasimindən 44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri Hüseyn Həsənov və Babək Cəfərov baş sponsor "SOEL" parfumdan, sponsorlar “Natural halı outlet”dən hədiyyələr və "Scallezioni" italiyan kişi geyimlərindən hədiyyələr təqdim edib.

Yarışın sonunda layihə rəhbəri Bəhruz Səmədov turnirin qaliblərinə və fərqlənənlərə BrendSport.az saytı adından diplomlar baş sponsor "SOEL" parfumdan və sponsorlar tərəfindən ayrılan hədiyyələrini təqdim edib.
Tədbirə göstərdikləri dəstəyə görə isə media orqanlarına və nümayəndələrinə də dərin minnətdarlığımızı bildiririk.
Bir daha xatırladaq ki, tədbirin baş sponsoru “SOEL parfüm”, xüsusi sponsor "OBA" marketlər şəbəkəsi, sponsorları isə “Natural halı outlet”, "Berg Tea", "CƏNGİ" İdman klubu, "Berqa Çay", "SİRAB" suları, “Scallezioni” kişi geyimləri brendi olub.






































